Şərif Şərifov: “Kolleksiyamı tamamlamaq üçün Avropa çempionu olmaq istəyirəm” - MÜSAHİBƏ

Sərbəst güləş üzrə Olimpiya və dünya çempionu Şərif Şərifovun müsahibəsi:

- Apelin 8-də Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionatı start götürəcək. Yarışa hazırlıq necə gedir?

- Təlim-məşq toplanışımız davam edir. Bəli, on gündən də az vaxtımız qalıb. Rusiyanın Kislovodsk şəhərində yaxşı hazırlıq keçirdik. Ardınca Mahaçqalada təlim-məşq toplanışı gerçəkləşdirdik. İndi isə sonuncu mərhələni işləyirik. Həmişə olduğu kimi, səfərdən əvvəl paytaxtda məşq edirik. Bütün güləşçilərimiz yaxşı formadadırlar. Çempionata zədələrsiz hazırlaşırıq. İndi səliqəli şəkildə məşq keçməliyik ki, həddən artıq yüklənməyək. Buna məşqçilərimiz baxır, izləyir, nəzarət edir. Saypulla Absaidov, Zəlimxan Hüseynov, Sadruddin Ayqulov və Arif Abdullayev kimi təcrübəli məşqçilərin rəhbərliyi altında çalışırıq. Demək olar ki, hamımız hazırıq. Çempionatın startını gözləyirik.

- Yarışda şəxsi hədəfiniz nə olacaq?

- Həmişə olduğu kimi, yalnız qızıl medal ardınca gedirəm. Çempionluq qazanmaq niyyətindəyəm. Rəqiblərim də eyni güləşçilərdir. Əsas məsələ çempionata tam hazır formada olmaq, özünü yaxşı hiss etməkdir. Yalnız qızıl medal barədə düşünürəm.

- Özünüzə əsas rəqib kimi kimləri görürsünüz?

- Rusiya, Türkiyə, Belarus, Ukrayna, Gürcüstan yığmalarından olan güləşçiləri vurğulaya bilərəm. Onların heyətləri tam müəyyənləşməsə də, bu ölkələrin təmsilçiləri həmişə çıxışları ilə fərqləniblər. Mən isə “qızıl” üçün mübarizə aparacağam.

- Son illər titul yox, gümüş və bürünc medallar əldə edirsiniz. Bunu nə ilə izah etmək olar?

- Mənim olimpiya və dünya çempionu adlarım var. Amma Avropa çempionu olmamışam. İndiyədək qazanmadığım bu qızıl medalı da əldə etmək istəyirəm. Kolleksiyamı tamamlamaq üçün yalnız bu medal çatmır. Bu da mənə çox güclü motivasiya verir. Ona görə də Avropa çempionatında qalib gəlmək istəyirəm.

- Güləşdə çəki dərəcələri dəyişib. Çıxış etdiyiniz 92 kq çəki dərəcəsi artıq Yay Olimpiya Oyunlarında olmayacaq. “Tokio-2020”də üçün hansı çəkini seçmək niyyətindəsiniz?

- Hələ dəqiq qərar verməmişəm. Yeni qaydalara görə, çəki mərasimi və yarış eyni gündədir. Əvvəl bir gün öncə çəki ölçülür, ertəsi döşəyə çıxırdıq. Artıq çəki atmaq da ağırdır. Yəqin ki, çəkimi yuxarı qaldıracağam. Hələlik isə 92 kq çəki dərəcəsindəyəm. Bu il elə bu kateqoriyada güləşəcəyəm.(REPORT)