Mübariz İbrahimovun adına idman klubu yaradılıb
2015-ci ildən təsis edilən “Mübariz” İdman Klubu bu ildən geniş fəaliyyət dövrünə start verməyə hazırlaşır.
Bu fikirləri “olimpsport.az” saytına açıqlamasında klubun təsisçisi, sərbəst güləş üzrə Respublikanın Əməkdar məşqçisi, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Ramin Allahverdiyev deyib.
Klubun fəaliyyəti və gələcək planları ilə bağlı da ətraflı məlumat verən Ramin Allahverdiyev qeyd edib ki, Milli Qəhrəman Mübariz İbrahimovun adına idman klubunun yaranması bir zərurət idi.
“İlk öncə mən başda Mübariz İbrahimov olmaqla bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Düzdür, dövlətimiz və Dövlət başçısı cənab İlham Əliyev tərəfindən həm Mübariz İbrahimovun həm də digər şəhidlərimizin xatirəsi daima uca tutulur və onların adlarının əbədiləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Mən də öz növbəmdə bir Azərbaycan vətəndaşı kimi şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq o cümlədən Mübariz İbrahimovun qəhrəmanlıq yolunu davam etdirmək məqsədilə “Mübariz” İdman Klubunu təsis etdim. Bu həm də bir zərurət idi. Çünki Mübariz özü həm də idmançı olub. Heç şübhə etmirəm ki, onun göstərdiyi qəhrəmanlıq yolunda idmançı olmağının da bir rolu var. İdman hər bir insanın daxili iradəsini və mübarizliyini artıran bir sənətdir. Mənəviyyatı güclü olan insan fiziki cəhətdən də güclü və sağlam olanda kamillik zirvəsinə daha tez yetişir. Necə ki, biz bunu Mübariz İbrahimovun keçdiyi həyat yolunda şahidi olduq. Cəsarətlə deyərdim ki, idmançılarımız yarışlarda qələbəyə psixoloji cəhətdən köklənmək üçün Mübarizin həyat fəlsəfəsindən faydalana bilərlər. Hər bir idmançını az da olsa yarış qabağı həyacan bürüyür. Mübariz isə, bu həyacanı içindən ata bilmişdi. Baxmayaraq ki, o, daha böyük yarış meydanına girmişdi. O, bütün Azərbaycan adından mübarizəyə atılmışdı və sonda qalib oldu. Mübariz haqqında çox danışmaq olar. Klubun fəaliyyətinə gəldikdə isə, deyə bilərəm ki, hələlik güləş idman növü ilə təmsil olunmağa qərar vermişik. Özüm də güləş sənətində olduğumdan klub üçün güləşdən başlamağın təkan olduğunu düşünürəm. Həm də hazırda güləş üçün məşq zalımızın olmağı da bizə üstünlük verir. Gələcəkdə tədricən digər idman növləri ilə də təmsil olunmaq niyyətindəyik. Əlbəttə ki, niyyətimizin həyata keçməsi üçün ilk növbədə maddi - texniki baza olmalıdır. İnanıram ki, fəaliyyətimiz uğurlu olacaq. Klubun inkişafı naminə hər bir çətinliyin öhdəsindən gəlməyə hazırıq. “Mübariz” İdman Klubu hər bir azərbaycanlınındır. İstənilən vətənpərvər və Mübariz qeyrətli oğullarımızla əməkdaşlıq etməyə də hazırıq. Allah şəhidlərə xatir bizi niyyətimizə çatdırar yəqin. Biz Mübariz yoluna heç nədən qorxmayıb çıxmışıq. Bu klubun şərəfini qoruyan hər bir idmançı və əməkdaş ilk növbədə vətənpərvər ruhunda olmalıdır. Elə fürsətdən istifadə edib klubun loqosunu təmənnasız çəkən Mübariz ruhlu Cavid Məmmədzadəyə də öz dərin minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, Ramin Allahverdiyev eyni zamanda “Güləş”, və “Olimpsport” jurnallarının da təsisçisidir. “Olimpsport ” jurnalı artıq 10 ildir ki, davamlı fəaliyyət göstərir.