"Qalatasaray" çempionluq yolunda ağır səfər oyunundan 3 xal qazanıb

Mayın 11-də futbol üzrə Türkiyə Superliqasının 32-ci turu çərçivəsində çempionatın lideri “Qalatasaray” səfərdə “Rizəspor” komandası ilə qarşılaşıb. OLİMPSPORT  xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul təmsilçisi 3:2 hesabı ilə qalib gəlib. Oyunda hesabı 9-cu dəqiqədə “Qalatasaray”ın yarımmüdafiəçisi Sofian Fequli açıb. İlk hissənin sonlarında “Rizespor”un heyətində Vedat Muriqi hesabı bərabərləşdirib - 1:1. İkinci hissənin 76-cı dəqiqəsində Aminu Umar meydan sahiblərini hesabda irəli çıxarsa da, “Qalatasaray”ın hücumçusu Mbaye Diaqne 90-cı dəqiqədə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib – 2:2. Çempionluq uğrunda “Başakşəhər” ilə kəskin rəqabəti sonuncu tura qədər davam etdirmək üçün vacib üç xalı qazanmalı olan istanbullular görüşün əsas vaxtına əlavə olunan hissəsinin 7-ci dəqiqəsində (97) istəklərinə çatıblar. Mbaye Diaqne hava ötürməsini başla dəqiq tamamlayaraq komandasına vacib üç xalı qazandırıb – 3:2. Beləliklə, bu qələbədən sonra xallarının sayını 66-ya çatdıran “Qalatasaray” hazırda Türkiyə çempionatında vahid liderliyini davam etdirir. Bir oyun az keçirən “Başakşəhər” 63 xalla ikinci pillədədir. “Beşiktaş” isə 59 xalla üçüncü sırada qərarlaşıb. “Başakşəhər” 32-ci turda doğma meydanda “Ankaragücü”, “Beşiktaş” isə ev oyununda “Alanyaspor”u qəbul edəcək. Türkiyə Superliqasının 33-cü turunda “Qalatasaray” – “Başakşəhər” matçı oynanılacaq. “Qalatasaray” həmin oyunda qalib gələcəyi təqdirdə çempionluğunu elan edəcək.