Cəbrayıl Həsənov çəkisini dəyişdi?

 Xəbər verdiyimiz kimi hazırda güləş üzrə milli komandamız Göygöldə təlim-məşq toplanışına start verib. Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən OLİMPSPORT xəbər verir ki, üçqat Avropa çempionu , Olimpiya mükafatçısı Cəbrayıl Həsənov siyahıda 86 kq çəki dərəcəsində qeyd olunub. Bu o deməkdir ki, böyük ehtimalla millimizin kapitanı bundan sonra yarışlarda 86 kq çəki dərəcəsində qüvvəsini sınayacaq . Qeyd edək ki , Cəbrayıl Həsənov keçən ay Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında öz doğma çəkisi olan 79 kq çəki dərəcəsində çempion adını qazanmışdır. Böyük ehtimalla məşqçilər bu çəki dəyişikliyini bu ilin oktyabrında Kazaxstanda keçiriləcək dünya çempionatı ilə bağlı qərar veriblər. Təsadüfi deyil ki, bu il keçiriləcək mundial eyni zamanda Tokio Yay Olimpiya Oyunlarına da lisenziya verəcək. Elə bu səbəbdən də məşqçilər yəqin ki,  bu (86 kq) çəkidə olimpiadaya lisenziyanı təmin etmək məqsədilə Cəbrayıl Həsənova güvənirlər. Onu da qeyd edək ki, Olimpiya oyunlarının reqlamentinə əsasən güləş yarışlarında 79 kq çəki ümumiyyətlə yoxdur. Xatırladaq ki, keçən ay sözü gedən Avropa çempionatında Murad Süleymanov  86 kq çəki dərəcəsində mükafatçılar sırasında yer ala bilməyib.