Podolski milli komanda ilə vidalaşdı

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Lukas Podolski Almaniya yığmasındakı karyerasını başa vurub. Olimpsport.az saytının məlumatına görə, 31 yaşlı futbolçu bu qərarını özünün sosial şəbəkədəki səhifəsində açıqlayıb.

 

O bildirib ki, milli karyerasını başa vursa da, qəlbindəki Bundestim sevgisi əbədidi: “Yığmada yaşadığım hər şeydən qürur duyuram. Milli daim qəlbimdə olacaq. Burada çox böyük uğurlara nail oldum. Yığmadakı bütün komanda yoldaşlarıma, baş məşqçilərim – Rudi Föller, Yurgen Klinsmann və xüsusilə də Yoahim Lövə təşəkkür edirəm. Ən böyük təşəkkürüm isə ən pis vaxtda da məni dəstəkləyən azarkeşlərə düşür. Artıq mən də bu komandanın böyük azarkeşi olacam. Almaniya millisinə gələcəkdə də böyük uğurlar arzulayıram”.

 

Qeyd edək ki, 2004-cü ildən Almaniyanın əsas yığmasının şərəfini qoruyan Podolski Bundestimdə keçirdiyi 129 oyunda 48 qol vurub. O, 2014-cü ildə dünya çempionu, 2006 və 2010-cu illərdə mundialın bürünc mükafatçısı, AÇ-2008-in finalçısı olub.