Dörd güləşçimiz Dünya Çimərlik Oyunlarına lisenziya qazanıb
Oktyabrın 10-dan 15-dək ABŞ-ın San-Dieqo şəhərində idmanın 17 növü üzrə I Dünya Çimərlik Oyunları keçiriləcək. Oyunların proqramında çimərlik güləşi də yer alıb. Xəbər verdiyimiz kimi, martın 29-30-da Portuqaliyanın Çaves, mayın 10-11-də isə Braziliyanın Rio de Janeyro şəhərində Dünya Çimərlik Oyunlarına lisenziya xalları verən Dünya Seriyası turnirləri keçirilib. Ölkəmizi bu yarışlarda 4 güləşçi - Pənah İlyaslı (70 kq), İbrahim Yusubov (80 kq), Kənan Əliyev (90 kq) və Oyan Nəzəriani (+90 kq) təmsil edib. Çavesdə Oyan qızıl, Pənahla İbrahim isə gümüş medal qazanıb. Rio de Janeyroda Nəzəriani və Yusubov gümüş, Əliyev isə bürünc medalın sahibi olub. Beləliklə, iki yarışın yekununda Oyan 45, İbrahim 40, Pənah 30, Kənan isə 15 xal toplayıb. Bu nəticəylə reytinq sıralamasında Nəzəriani 1-ci, İbrahim 2-ci, Pənah 4-cü, Kənan isə 6-cı yerdədir. Beləliklə, güləşçilərimizin dördü də I Dünya Çimərlik Oyunlarında iştirak hüququ qazanıb. Qeyd edək ki, bu oyunlarda çimərlik güləşi üzrə yarış oktyabrın 12-13-də keçiriləcək.