Mübariz İbrahimovun adına güləş yarışı keçirilib

   İyunun 9-da Bakıda Milli qəhrəman Mübariz İbrahimovun adına sərbəst güləş üzrə yeniyetmə və azyaşlı uşaqlar arasında açıq Respublika turniri keçirilib.

   Azərbaycan Güləş Federasiyasının, Azərbaycan Mətbuat Şurasının və "OLİMPSPORT" jurnalının birgə təşkilatçılığı ilə keçirilən yarışda 200 nəfərə yaxın idmançı qüvvəsini sınayıb. Turnirin təşəbbüskarı, güləş üzrə Respublikanın Əməkdar məşqçisi, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, OLİMPSPORT jurnalının baş redaktoru Ramin Allahverdiyev yarış haqqında təəsüratlarını "olimpsport.az " saytı ilə bölüşüb:

"Bu yarışı keçirmək çoxdankı arzum idi. Çünki Mübariz İbrahimovun qəhrəmanlığını təbliğ edib, yaşatmaq hər bir azərbaycanlının borcu olduğu kimi mənim də borcum idi. Əslində bu turniri beynəlxalq səviyyədə keçirmək niyyətində idik. Maddi vəziyyətlə bağlı hələki Respublika səviyyəsində keçirmək qərarına gəldik. Bu, həm də bizim üçün bir test xarakterli oldu. Əsas odur ki, ənənənin təməlini qoyduq. Bizim məqsədimiz öncə yeniyetmələrimizin Mübariz ruhunda yetişməsi və güləş idman növünün kütləviliyini artırmaqdır. Ümid edirəm ki, gələn il bu yarış federasiyanın kalendarında yer alaraq daha möhtəşəm keçiriləcək. Yarışa maraq olduqca böyük idi. Paytaxtla yanaşı bölgələrimizin də qatıldığı yarışda 10-dan çox komanda var idi. Mən fürsətdən istifadə edib bu yarışın təşkilatçılığına görə Azərbaycan Güləş Federasiyasına, Azərbaycan Mətbuat Şurasına güləş sevərlər adından minnətdarlıq etmək istəyirəm. Sağolsun federasiyanın vitse-prezidenti Elçin Cəfərov, yarış zamanı daima bizim yanımızda oldu və əlindən gələn dəstəyi əsirgəmədi".  Qeyd edək ki, yarışın açılış zamanı bütün şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Turnirdə fərqlənmiş idmançılar diplom və medallarla təltif olunublar.