Azərbaycan mətbuatına böyük itki-Şirməmməd Hüseynov vəfat etdi
Şirməmməd müəllimin keçdiyi həyat yolu öz-özlüyündə çox şey deyir: Şəkidəki orta məktəb illəri, əvvəlcə riyaziyyat ixtisası, orta məktəb müəllimliyi, sonra jurnalistikaya gəlişi, Moskva universitetində aspirant həyatı, nəhayət, jurnalistika sahəsində ilk alim...
O, sovet ideoloji kanonlarının hökm sürdüyü senzura qadağaları şəraitində tələbələrinə millət sevgisi aşılayırdı. Dərsini təsdiqlənmiş proqramlara əsasən deyirdi, eyni zamanda, tələbələrinin gözünü açırdı: onlara gah sətiraltı, gah da açıq şəkildə əsl həqiqətləri çatdırmağa çalışırdı.
Onun bütün tələbələri şahidlik edə bilər ki, Şirməmməd müəllimin mühazirələri başqalarına bənzəmirdi, fikirlərini özünəməxsus dillə çatdırırdı. Qələmə aldığı bütün yazılar Azərbaycanın istiqlalı, qoruyub yaratmalı olduğumuz milli dəyərlər və ideallarla bağlı idi.
Hər bir istedadlı insan nə vaxtsa şah əsərini yaradır. Şirməmməd müəllimin çoxsaylı kitabları içərisində “Parlament hesabatları” onun şah əsəridir. Xalq Cümhuriyyəti dövründəki parlamentimizin fəaliyyətindən bəhs edən üç cildlik bu kitab az qala yarım əsrin məhsuludur. O, milli yaddaşımızın daşıyıcısı idi, əsərləri Azərbaycanın dünəni və bu günü arasında mənəvi körpü rolu oynayırdı. Bu yaddaş yaşamaqda davam edəcək, bu körpü həmişə var olacaq.
Şirməmməd müəllimin tərcümeyi-halına bir qədər də ətraflı nəzər salaq: 1924-cü ildə Şəkidə anadan olub. 1940-cı ildə burada orta məktəbi bitirib, Şəki Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil alıb. Böyük Vətən müharibəsinin ağır illərində Zaqatalada və Şəkidə müəllim işləyib. 1950-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. Təhsilini 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin aspiranturasında davam etdirib. Daha sonra Bakı Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışıb, 1970-1976-cı illərdə jurnalistika fakültəsinin dekanı olub. “Həqiqət və ədalət carçısı”, “M.Ə.Rəsulzadə”, “Mənəvi irsimiz və gerçəklik”, “Mətbu irsimizdən səhifələr”, “Parlament hesabatları” və digər dəyərli kitabların və əsərlərin, həmçinin çoxsaylı dərslik və dərs vəsaitlərinin müəllifidir.
Prezident İlham Əliyevin 2014-cü il 16 dekabr tarixli Sərəncamına əsasən professor Şirməmməd Hüseynovun “Şərəf” ordeni ilə təltif edilməsi onun bu və digər xidmətlərinə verilən yüksək qiymətdir.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının irsinin araşdırılmasında xüsusi xidmətlər göstərmiş Şirməmməd Hüseynov daim həqiqətin, ədalətin, azad sözün tərəfdarı olub. Buna görə də təkcə elmi ictimaiyyətin deyil, sadə insanların da böyük hörmətini qazanmışdı. O, ürəyində hər zaman Vətən və millət sevgisi daşıyırdı. Ömrünün sonunadək bu sevgi ilə yaşadı, dünyadan bu sevgi ilə bərabər köçdü...
Allah rəhmət eləsin.
AZƏRTAC