II Avropa Oyunlarının son iştirakçıları vətənə qayıdıb
İdmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər, idman ictimaiyyətinin nümayəndələri, KİV təmsilçiləri, federasiyaların rəsmiləri və idmançıların yaxınları qarşılayıblar. İdmançılarımızı qarşılamağa gələn azarkeşlər onları bayraqlarla, şəkilləri əks olunmuş plakatlarla və şüarlarla salamlayıblar.
Xatırladaq ki, karate komandamız Minskdə keçirilən ikinci Avropa Oyunlarında bir qızıl, üç gümüş və bir bürünc medal qazanıb. Karateçilərimizdən Asiman Qurbanlı (+84 kq) qızıl, Rafael Ağayev (75 kq), Firdovsi Fərzəliyev (60 kq) gümüş, İrina Zaretska (68 kq) gümüş, Roman Heydərov (kata) bürünc medal əldə edib.
Qeyd edək ki, ikinci Avropa Oyunlarında 82 idmançı ilə təmsil olunan Azərbaycan millisi 28 medal qazanaraq komanda hesabında 50 ölkə arasında 10-cu yerdə qərarlaşıb.
Ümumilikdə 200 dəst medala 43 ölkə təmsilçisi yiyələnib. Onlardan cəmi 34-ü qızıl medal sevinci yaşayıb.
Bakıda keçirilmiş ilk Avropa Oyunlarında olduğu kimi, ikinci Avropa Oyunlarında da Rusiya komandası medal sayına görə birinci yeri tutub. Rusiyalı idmançıların aktivində 109 (44-23-42) medal var. İkinci yerdə 69 medalla ev sahibi Belarus (24-16-29), üçüncü pillədə isə 51medalla Ukrayna (16-17-18) yığmaları qərarlaşıblar. İlk onluqda İtaliya, Hollandiya, Almaniya, Gürcüstan, Fransa, Böyük Britaniya və Azərbaycan komandaları yer alıblar.