Namiq Əliyev: "Həmişə belə məqamlarda ermənilər hay-küy salır"

Bu gün Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev yeniyetmələrdən ibarət yığmaların üzvləriylə görüşüb.

Əvvəlcə iyunda İtaliyanın Faenza şəhərində keçirilmiş Avropa çempionatında medal qazanmış güləşçilərə və müvafiq milli komandaların məşqçilərinə pul mükafatları təqdim edən Namiq Əliyev daha sonra Avropa Gənclər Olimpiya Festivalında çıxış edəcək heyəti açıqlayıb.

Tədbirin sonunda AGF-nin rəhbəri brifinqdə jurnalistlərin suallarını cavablandırıb: "İnanıram ki, güləşçilərimiz festivalda çox uğurlu çıxış edəcəklər. EYOF-da 18 çəkidə mübarizə baş tutacaq. Ən azı 15 medal qazanacağımıza ümid edirəm. Qızıl medalların sayının çox olacağına da inanıram. EYOF 15-ci dəfə təşkil olunacaq. Təşkilatçı ölkə kimi festivalın proqramına güləşin salınmasına nail olduq. Müəyyən çəkilərlə bağlı problem var idi. Ancaq Dünya Güləş Birliyinin (UWW) bürosunda təkidlərimiz nəticəsində güləşin hər 3 növü üzrə 6 çəkinin proqrama salınmasına qərar verildi. Bu il əsas hədəfimiz Nur-Sultanda keçiriləcək dünya çempionatıdır. Bildiyiniz kimi, mundial güləşdə ilk lisenziya verən yarışdır. Bu dəfə lisenziya qazanmaq çətin olacaq. Çünki Olimpiadada hər çəkidə cəmi 16 güləşçi iştirak edəcək. Avropa Oyunlarına tam əsas heyətlə qatılmamışdıq. Bununla belə, komandamız ümumilikdə kifayət qədər uğurlu çıxış etdi. Ölkəmizin əldə etdiyi 5 qızıl medaldan 3-ü güləşçilərdən gəldi. Gələn il Avropa Olimpiya Təsnifat turnirini Bakıda keçirmək istəyirik. Həmişə belə məqamlarda ermənilər hay-küy salır. İndidən Beynəlxalq Olimpiya Komitəsinə yazırlar ki, Bakıda bu yarış keçirilsə, təzyiq altında olacağıq və s. Sentyabrın 13-də UWW-nin Icraiyyə Komitəsinin iclası keçiriləcək. Orada həmin yarışın təşkilatçısı məlum olacaq. Hesab edirəm ki, turnirin keçirilməsini bizə həvalə edəcəklər".