"Bu karyeramın ən ağır oyunu olacaq"- Emil Salamonsson
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 18-də “Qarabağ”ı qəbul edəcək “Höteborq”un müdafiəçisi Emil Salomonsson qarşılaşma öncəsi yerli mətbuata müsahibə verib. Olimpsport.az həmin müsahibıni tıqdim edir:
- İki gündən sonra Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ı qəbul edəcəksiniz. Matça hazırsınızmı?
- Bizi çox ağır iki oyun gözləyir. Əminliklə deyə bilərəm ki, bu, mənim karyeramın ən vacib qarşılaşmaları olacaq. Avqustun 18-də azarkeşlərimizin də böyük dəstəyinə ehtiyacımız olacaq. Rəhbərlik, məşqçi və futbolçu heyəti, bir sözlə, hamımız “Qarabağ”la oyunlara final gözü ilə baxırıq.
- Komandanız qrup mərhələsinə vəsiqə əldə edə biləcəkmi?
- Bu, bizim Avropa Liqasında qrupa düşmək üçün 4-cü cəhdimiz olacaq. Ötən mövsümlərlə müqayisədə bu dəfə pley-offa qədər irəliləyə bilmişik. Məncə, builki uğurlu çıxışımızda öncəki mövsümlərdə topladığımız təcrübənin rolu böyükdü. Bu mövsüm isə əvvəlki 3 mərhələni heç də pis keçirmədik. Yalnız HİK-lə öz meydanımızdakı qarşılaşmanı istisna etmək olar. Həmin məğlubiyyətdən yetəri qədər dərs almışıq.
- III mərhələdə “Qamla Ullevi” stadionunda HİK-ə məğlub olsanız da, səfər qələbəsi sayəsində mərhələ adladınız. Bu qalibiyyətin sirri nədə idi?
- Həmin oyundakı qələbəmizin əsas memarları azarkeşlərimiz oldu. Finlandiyaya çətin durumda yollanmışdıq. Çünki evdəki məğlubiyyətin əvəzini çıxmalı idik. Amma bizi orda dəstəkləyən 400-500 fanat elə mahnılar oxuyurdu ki, sanki bütün stadion “Höteborq”un tərəfində idi. Baş məşqçimiz Yorgen Lennartssonun sözləri də yaxşı motivasiya olunmağımıza kömək oldu. Lennartsson dedi ki, bizə 7:0 hesablı qələbə lazım deyil. O, birinci hissədə 1 qol vuracağımız təqdirdə mərhələni adlayacağımızı söylədi. Belə də oldu. İkinci hissədə daha həvəsli mübarizə apardıq və nəticədə ikinci qolu vurub qalib gəldik.
- Avrokubok mövsümü başlayanda çoxları bura qədər irəliləyəcəyinizi gözləmirdi. Ancaq indi qrupa düşmək şansı yaxalamısınız...
- “Malmö” kimi Avropada kifayət qədər tanınan klub bu mövsüm avrokuboklara vəsiqə qazana bilmədi. Futolda proqnoz hər zaman düz çıxmır. Futbol karyeramın inkişafı baxımından olduqca əhəmiyyətli bir il keçirirəm. Biz indi qrup mərhələsinə adlasaq, bütün şəhər camaatının gözündə qəhrəman olacağıq. Bunun üçün isə cəmi 2 uğurlu oyun keçirmək lazımdı. Təbii ki, öncə “Qamla Ullevi”dəki qarşılaşmaya köklənməliyik. Bakıdakı matça ondan sonra diqqət yetirərik.
- Rəqib barədə nə deyə bilərsiniz?
- Olduqca təcrübəli bir komandaya qarşı mübarizə aparacağıq. “Qarabağ” komplektləşmiş heyətə malikdi və Avropa təcrübəsi böyükdü. Təbii ki, pley-off mərhələsində qarşımıza belə komandanın çıxması normaldı.