Tovuz Güləş Klubunun açılış mərasimi olub

Respublikamızda güləşin inkişafını daha da sürətləndirmək üçün kütləviliyə nail olmaq vacib amillərdən biridir. Bunun üçün yerlərdə müvafiq maddi-texniki bazanın, infrastrukturun qurulması, yeni güləş klublarının açılması, lazımi şəraiti olan idman zallarının istifadəyə verilməsi zəruridir. Bu məqsədlə bu gün daha bir idman ocağının - Tovuz Güləş Klubunun açılışı olub.

Tovuz Olimpiya İdman Kompleksində təntənəli açılış mərasimi təşkil olunub. Tədbirdə Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Orxan Məmmədov, qurumun vitse-prezidentləri Elçin Cəfərov və Namiq Abdullayev, klubun ərsəyə gəlməsində, maddi-texniki bazasının yaradılmasında və inventarla təmin olunmasında yaxından iştirak edən “Qazax Sement Zavodu” MMC-nin əməkdaşları, eləcə də KİV nümayəndələri iştirak edib. Fəxri qonaqlar arasında sərbəst güləş üzrə yığmamızın üzvləri - olimpiya çempionları Toğrul Əsgərovla Şərif Şərifov, 3 qat dünya çempionu Hacı Əliyev, 3 qat Avropa çempionu Cəbrayıl Həsənov və Avropa 2-cisi Ağahüseyn Mustafayev də olub.

Açılış mərasimində AGF-nin vitse-prezidenti Elçin Cəfərov çıxış edərək tovuzlu güləşçilərə AGF-nin rəhbəri Namiq Əliyevin salamını çatdırıb, onlara gələcəkdə titullu güləşçilərimizin davamçıları olmağı arzulayıb. Federasiya rəsmisi onu da qeyd edib ki, Bakıda belə bir çox zallarda bu klubdakı şərait yoxdur və bundan güləşçilər maksimum yararlanmalıdır.

Tovuz Güləş Klubunun sponsoru olan “Qazax Sement Zavodu” MMC-nin nümayəndəsi Nizami Zeynalov isə ölkəmizdə ən böyük uğurların güləşçilərin adıyla bağlı olduğunu və təsadüfi deyil ki, Avropa Gənclər Yay Olimpiya Festivalında idmançılarımızın qazandığı 10 qızıl medaldan 8-nin güləşçilərin payına düşdüyünü vurğulayıb. N.Zeynalov şirkət olaraq bu idman növünə dəstək olmaqdan məmnunluq duyduqlarını dilə gətirməklə yanaşı, güləşçilərə yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, bu klubda yeniyetmələr arasında Avropa çempionu və gənclər arasında dünya üçüncüsü olmuş Nicat Muradov məşqçi kimi fəaliyyət göstərir. Hazırda gənc mütəxəssisin rəhbərliyi altında 60-a yaxın yeniyetmə və gənc sərbəst güləşlə məşğul olur.