İki oyunun cəminə görə, üstün tərəf olacağımıza inanıram
“Maribor”un köməkçi-məşqçisi Saşa Qayser yerli mətbuata “Qəbələ” haqda məlumat verib.
"Rəqib komandanı diqqətlə təhlil etsək, görərik ki, onlar əsas fikirlərini Avrokuboka yönəldiblər. Təbii ki, bir oyuna əsasən ətraflı fikir bildirmək çox çətindi. (O, Topaz Premyer Liqasının II turunda “İnter”lə (0:0) oyununu izləmək üçün məşqçisini Bakıya gəlmişdi.) Bu bir həqiqətdi ki, ötən il Avrokubokdakı çıxış onlara xeyli təcrübə qazandırıb. “Qəbələ” taktiki cəhətdən çox güclüdü və yüksək səviyyəli komandadı. Xüsusən də, müdafiə xəttində çıxış edən futbolçular doğru yer seçməyi bacarır və rəqibə çox qol şansı yaratmaq imkanı vermirlər. Ötənilki çıxışları və cari mövsümdəki nəticələri də bunu təsdiqləyər”.
“Qəbələ”nin ötən il Avropa Liqasında mübarizədən kənarlaşdırdığı komandaları sıralayan Saşa Qayser cari mövsümdəki “Samtredia”, MTK və “Lill” klubları ilə oyunlarını izlədiklərini də vurğulayıb. Bundan öncəki mərhələlərdə “Levski” və “Aberdin”in də əsas təhlilçisi rolunu oynayan 42 yaşlı mütəxəssis Bakıda ən çox havaların isti keçməsindən narahatdı.
Qayser buna baxmayaraq, komandasının qrupa düşmək şansının yüksək olduğunu söyləyib: “Rəqibin bir neçə güclü futbolçusu var. Amma biz yalnız 2-3 oyunçuları barədə düşünmürük. Onlar komanda şəklində daha çox fərqlənirlər. Ancaq rəqib də bizim az olmayan üstün cəhətlərimizi zərərsizləşdirməlidi. Azərbaycan komandasına hörmətlə yanaşıram. Amma fikrimcə, biz daha yüksək keyfiyyətli komandayıq. İki oyunun cəminə görə, üstün tərəf olacağımıza inanıram. Zəngin təcrübəyə malik komandamız var və bu görüşə yüksək səviyyədə hazırlaşmışıq. Bu çətin sınaqdan üzüağ çıxıb qələbə qazana bilərik. Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq”.
Qeyd edək ki, “Qəbələ” ilə “Maribor” arasında ilk oyun avqustun 18-də “Dalğa Arena”da keçiriləcək.