Sərbəst güləş üzrə Açıq Kubok yarışı keçiriləcək
Avqustun 10-11-də Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr edilmiş sərbəst güləş üzrə Açıq Kubok yarışı keçiriləcək.
"Sərhədçi" İdman Olimpiya Mərkəzində ölkənin bütün bölgələrindən olan 30-dan artıq komandanın ümumilikdə 250-ə yaxın yeniyetmə güləşçisi mübarizə aparacaq. İki günlük turnirdə 45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kq-da medalçılar müəyyənləşəcək.
Bu gün yarışla bağlı hakimlərin və məşqçilərin seminarı keçirilib. Hakimlər Kollegiyasının sədri Qərib Əliyev ədalət təmsilçilərinə tövsiyələrini verib, son beynəlxalq yarışlardakı idarəçiliklə bağlı bəzi yenilikləri diqqətə çatdırıb.
AGF-nin vitse-prezidenti Firdovsi Umudov məşqçilərlə görüşdə müəyyən davranış qaydalarıyla bağlı fikirlərini bildirib və onlara yarış zamanı intizam qaydalarına riayət etməyi tapşırıb. Daha sonra turnirin püşkatma mərasimi keçirilib. Qeyd edək ki, yarış "İdman Azərbaycan" telekanalı ilə canlı yayımlanacaq.