“Bakı Marafonu 2016”ya start verildi
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2016”ya mayın 1-də start verilib.
Olimpsport.az saytının "Report"a istinadən verdiyi məlumata görə, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edir.
Dövlət Bayrağı Meydanından saat 10:00-da start götürən yarı marafonun məsafəsi 21 kilometrdir. Bakı Olimpiya Stadionunda başa çatacaq marafonda atletlər, siyasətçilər, tanınmış şəxslər, ictimaiyyət nümayəndələri və tələbələr yer alıb.
Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək vermək, insanlar arasında, xüsusilə gənclərdə idman vasitəsilə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.
Tədbirin strateji hədəfi Bakı marafonunu nüfuzlu idman tədbirlərindən birinə çevirmək və əcnəbi atletləri, qonaqları burada iştiraka həvəsləndirməkdir. “Bakı Marafonu 2016”nın missiyası həm də Azərbaycanın idman tarixində yeni mədəniyyət yaratmaqdır.
Yarışların loqosu özündə Bakı şəhərinin və marafon yarışının xüsusiyyətlərini əks etdirən elementləri birləşdirir.
Yarışın fan zonası da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Burada müxtəlif əyləncəli oyunlar və lotereya oyunları, konsert və digər şənliklər keçiriləcək.
Bakı marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.
Marafona 16 yaşdan yuxarı şəhər sakinləri, qonaqlar əvvəlcədən qeydiyyatdan keçərək qoşulublar.
Yarışın finiş xətti və mükafatlandırma mərasimi Bakı Olimpiya Stadionunda olacaq.
Marafonda birinci yerin qalibinə 3 min, ikinci yeri tutana 2 min, üçüncü yerə çıxana isə min manat məbləğində mükafat veriləcək.
Qeyd edək ki, bu cür marafonlar indiyədək London, Paris, Boston, Nyu-York, Çikaqo, Berlin, Barselona, İstanbul və digər şəhərlərdə təşkil olunub. Tam marafon yarışının məsafəsi 42 kilometr, yarı marafonun məsafəsi isə 21 kilometrdir.