UEFA Çempionlar Liqasının qrupunda 8 komanda olacaq?

Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) Avropa kubokları turnirlərinin keçirilməsi formatını dəyişmək planları barədə ilk informasiya bu il may ayında yaranıb.

Həmin məlumatın yayılması müxtəlif sirlər və intriqalarla bağlı idi, UEFA özü isə indiyə qədər heç bir rəsmi sənəd təqdim etməyib. Ehtimal edilən dəyişikliklərin maketini yalnız bəzi KİV-lər əldə edə biliblər. Məlumatda bildirildi ki, UEFA Avropa Futbol Liqaları Assosiasiyasının nümayəndələrinə bir layihə nümayiş etdirib. Həmin layihəyə əsasən, bizim hamımızın adət etdiyimiz formada Avropa kubokları 2024/25-ci illər mövsümündən sonra mövcud olmayacaq. Həmin sənəddə təşkilatın əsas klub turniri olan Çempionlar Liqasına xüsusi diqqət yetirildi, lakin paralel olaraq Avropa Liqası mövzusuna da toxunulur. Bu islahatların qəbul edilib-edilməyəcəyi hələ məlum deyil, lakin artıq xeyli vaxtdır ki, futbol ictimaiyyəti bu mövzunun müzakirəsini davam etdirir.

OLİMPSPORT AZƏRTAC-ın  TASS agentliyinə istinadla verdiyi xəbərə görə bildirir ki, Çempionlar Liqası həmişə elitar turnir olub. Son illərdə bu fikir ictimai şüurda kök salmağa başlayıb. Vaxtilə elə də sanballı büdcəsi olmayan komandalar, məsələn Rumıniyanın “Styaua”, İngiltərənin “Nottingem Forrest” və ya Yuqoslaviyanın “Srvena Zvezda” komandası bu turnirin qalibi ola bilərdi. Bəli, o dövrdə (30-40 il bundan əvvəl) belə əhvalatlar kütləvi xarakter daşımırdı, lakin hər halda mümkün idi. İndi isə bu mümkün deyil. 2000-ci illərin əvvəlindən bu turnirin qalibləri yalnız varlı və məşhur komandalar olub.

Qapalı klub

Təklif edilən layihəyə görə, Çempionlar Liqasının qrup mərhələsi əsaslı şəkildə dəyişəcək. İştirakçıların sayı indiki kimi qalacaq – 32 komanda, lakin hərəsi 4 komandadan ibarət olan 8 qrup əvəzinə hərəsi 8 klubdan ibarət olan 4 qrup yaratmaq təklif edilir. Bu dəyişiklik ilk baxışda kosmetik görünür, əslində isə belə deyil. Tədbirin məqsədi sadədiqrup mərhələsində hər bir klub üçün matçların sayını artırmaq. Hazırda Çempionlar Liqasının iştirakçıları bu mərhələdə hərəyə 6 görüş keçirirlər, islahatlardan sonra isə belə görüşlərin sayı 14 olacaq.

Aşkardır ki, UEFA ən böyük matç seqmentinin genişləndirilməsi hesabına gəlirini artırmaq niyyətindədir. Əlbəttə, play-off oyunları yaxşı məsələdir, lakin təkcə onların hesabına uzağa getmək olmaz. Şimali Amerika liqaları, məsələn, Milli Basketbol Assosiasiyası (NBA) buna oxşar modeldən çoxdan və uğurla istifadə edirlər. Müntəzəm çempionat Çempionlar Liqasının qrup mərhələsinin analoqudur və hər bir komanda üçün 82 matçdan ibarət olur. Liqanın rəhbərliyi sevinir, amma oyunçular və məşqçilər o qədər də sevinmirlər, çünki onlar hər həftə bir neçə oyun keçirməli olacaqlar.

Məntiq və sağlam düşüncə baxımından belə təqvim absurddur. Matçların heç də hamısı tamaşaçılarda maraq doğurmur, amma basketbolçular öz sağlamlıqlarını ciddi riskə məruz qoymalı olurlar.

Bununla belə, liqa müntəzəm çempionatı ixtisar edə bilmir, səbəb də külli məbləğdə gəlirlə bağlıdır. Görünür, UEFA da eyni ssenari üzrə hərəkət edəcək.

Qrup mərhələsində matçların sayının çoxalması futbolçuların yorğunluğundan əlavə daha bir problem doğurur. Hazırda Çempionlar Liqasının oyunları adi iş günlərində keçirilir ki, adətən istirahət günlərində təşkil olunan milli çempionat matçları ilə üst-üstə düşməsin. Lakin yeni reqlament qrup mərhələsinin görüşlərinin bir qismini şənbə və ya bazar günlərinə keçirməyi zəruri edə bilər. Bu halda ölkə çempionatlarının təqvimlərində əsl hərc-mərclik yaranacaq.

Hazırda UEFA rəhbərliyi öz maraqları naminə istirahət günlərindən istifadə edilməsi fikirlərindən uzaq olmağa çalışır, lakin hələlik vəziyyətdən başqa çıxış yolu görünmür.

Bununla belə, Avropa futbolu boslarının hazırladığı sürprizlər bitmir. UEFA qrup mərhələsində matçların sayının artırılması ilə bərabər Çempionlar Liqasına klubların seçilməsi sistemini də dəyişməyi təklif edib. Bu gün həmin komandalar milli çempionatlar vasitəsilə seçilir. Cədvəlin yuxarı hissəsində olan klublar (onların sayı bu və ya digər ölkənin UEFA reytinqindəki yerindən asılıdır) Çempionlar Liqasına birbaşa vəsiqə ala bilər, ya da təsnifat raundları vasitəsilə turnirə keçmək şansı qazana bilər.

Yeni qaydalara görə isə, Çempionlar Liqası əsl “qapalı klub” olacaq, yəni oraya yalnız seçmə komandalar yol tapacaqlar. Hər qrupda (xatırladaq ki, qrupların sayı 4 olacaq) ən yaxşı nəticə göstərən 6 komanda turnirin növbəti mərhələsinə birbaşa seçilir, daha 4 vəsiqəni əhəmiyyətinə görə ikinci Avropa kuboku olan Avroliqanın yarımfinal mərhələsinə keçmiş klublar qazanacaq. Qalan 4 yer uğrunda 8 komanda  əvvəlki bənd üzrə seçim mərhələsindən keçə bilməyən, UEFA reytinqi ən yüksək olan ölkələrin çempionları mübarizə aparacaqlar. Öz qruplarında yeddinci yerləri tutan klublar Avropa Liqasının qrup mərhələsinə göndəriləcək, səkkizinci yerləri tutan “xoşbəxtlər” isə əhəmiyyətinə görə ikinci Avropa kubokunun seçmə raunduna düşəcəklər.

Bu o deməkdir ki, Avropa klublarının böyük əksəriyyəti beynəlxalq arenada özünü göstərmək üçün heç bir şans əldə etməyəcək. Bunun baş verməməsi üçün şərti adı Avropa Liqası-2 və ya UEL2 olan daha bir Avropa kuboku turniri yaratmaq planlaşdırılır. Həmin turniri 2021-ci ildə təşkil etmək planlaşdırılır, onun strukturu isə müəyyən mənada Çempionlar Liqasının indiki formatını xatırladacaq. Məsələn, Avropa Liqası-2 üzrə təsnifat daxili birincilik yolu ilə keçiriləcək. Belə bir turnirin yaradılması həm əsas Avropa Liqasının yükünü azaltmağa və iştirakçıların sayının 48-dən 32-ə endirilməsi sayəsində onu daha prestijli etməyə imkan verəcək, həm də kiçik komandaların Avropa kuboklarında parlamasına şərait yaradacaq.

Milli çempionatlar bunun əleyhinədirlər.

Avropa kuboku turnirlərində bu qədər genişmiqyaslı islahatlar ideyası hələ rəsmiləşdirilməyib, lakin UEFA həmin ideyaya reaksiyanı artıq hiss edir. Cavab reaksiyalarının əksəriyyəti tənqidi xarakter daşıyır. Hiddətlənən təkcə futbol ölkələri deyil, həm də elə dövlətlərdir ki, onlardan belə cavab gözlənilmirdi. Aparıcı Avropa çempionatlarının çoxu, o cümlədən Premyer-Liqa (İngiltərə), La Liqa (İspaniya), Liqa-1 (Fransa) bu dəyişikliklərin qəti əleyhinə olduqlarını bildiriblər.

Hələlik təşvişə düşməyə dəyməz, çünki dəyişikliklər hələ təsdiq edilməyib. Üstəlik, bu dəyişikliklərin nə vaxt baş verəcəyi hələ təxmini də məlum deyil, UEFA rəhbərliyi isə dəfələrlə vurğulayıb ki, hələ heç bir qərar qəbul edilməyib. Lakin əgər turnirlərin reqlamenti yuxarıda göstərilən plan üzrə dəyişdirilərsə, bunun necə effekt verəcəyini qabaqcadan söyləmək mümkün deyil.