Dünya çempionatında iştirak edəcək güləş yığmalarımızın heyəti açıqlanıb
Bu gün Olimpiya Güləş Mərkəzində son təlim-məşq toplanışını davam etdirən sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımızın mətbuat üçün açıq məşqi baş tutub. Hazırlıq prosesi başa çatdıqdan sonra Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev mundialda iştirak edəcək heyəti açıqlayıb.
Yarışın ilk günlərində yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Bu növdə baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (60 kq), Elman Muxtarov (63 kq), Rəsul Çunayev (67 kq), Sənan Süleymanov (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Beka Kandelaki (130 kq) ölkəmizi təmsil edəcək.
Qadınların yarışında baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Mariya Stadnik (50 kq), Türkan Nəsirova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) mübarizə aparacaq.
Mundialın son günlərində sərbəst güləşçilər xalça üzərinə çıxacaq. Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Mahir Əmiraslanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Şamil Zubairov (92 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) uğur qazanmağa çalışacaq.
Qeyd edək ki, olimpiya çəkilərində ilk 6 pillənin sahibi Tokio-2020-yə vəsiqə qazanacaq. Dünya çempionatında I-S dərəcəli hakim Asif Şirəliyev ədaləti qoruyacaq.