Mərhum Yaşar pəhləvanın əziz xatirəsinə həsr olunmuş güləş yarışı keçirilib
Sentyabrın 15-də Salyan Olimpiya İdman Kompleksində mərhum pəhləvan Yaşar Cavadovun əziz xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə kiçik yaşlı yeniyetmələr arasında VI açıq Respublika turniri keçirilib.
Ənənəvi turnirin keçirilməsində əsas məqsəd Yaşar pəhləvanın əziz xatirəsini uca tutmaq və güləş idman növünün inkişafına nail olmaq olub.
OLİMPSPORT xəbər verir ki, 200-ə yaxın idmançının iştirak etdiyi yarışın təntənəli açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və üçrəngli bayrağımız yüksəldilib.
Çıxış üçün söz mərhum Yaşar Cavadovun yolunu davam etdirən övladı, el pəhləvanı Vüsal Cavadova verilib. Pəhləvan güləşi üzrə dünya, Avropa çempionu Vüsal Cavadov yarış iştirakçılarını salamlayıb və onlara yarışa qatıldıqlarına görə öz ailəsi adından dərin minnətdarlığını bildirib.
Turnirin açılış mərasiminin rəsmi hissəsi yekunlaşdıqdan sonra bədii hissə başlayıb. Bədii hissə zamanı mərhumun sənət yoldaşları və övladı Vüsal Cavadov güləş sevərlər qarşısında pəhləvanlıq nümunələri nümayiş etdiriblər.
Yarışın sonunda yer tutmuş idmançılar təşkilatçılar tərəfindən diplom,medal və qiymətli hədiyyələrlə mükafatlanıblar.