Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatının təhlili

Daha bir mundial başa çatdı. Güləş ölkəsi hesab edilən Azərbaycan bu tsiklda da ümidləri tam doğrultmadı.

   İxtisasım sərbəst güləş olduğundan istəyirəm, sərbəstlərin yarışını təhlil edim. Onu da əvvəlcədən qeyd edim ki, yazını yazmaqda məqsədim kimisə ittiham etmək yox, əksinə əl-ələ verib səhvlərdən nəticə çıxarıb "Tokio 2020" Olimpiya Oyunlarına yollanıb uğur əldə etməkdir.

Budapeşt uğursuzluğu demək olar ki, təkrarlandı. Bu dəfə isə daha məyusluqla. Ona görə ki, keçən il keçirilən Budabeşt mundialı Olimpiya oyunlarına lisenziya xarakterli olmadığına görə, uğursuzluğa hardasa bir təhər Cəbrayıl Həsənovun gümüşü və baş məşqçi dəyişikliyi ilə don geyindirmək mümkün oldu.

Nur-Sultandan isə az qala güləşsevərlər medaldan çox Olimpiya lisenziyaları gözləyirdilər. Axı əsas məqsəd mundialda lisenziya almaq idi. Federasiya rəhbərliyindən tutmuş məşqçilər,idmançılar da əsas məqsədin lisenziya uğrunda mübarizə aparmaqdan ibarət olduğunu dilə gətirirdilər. Elə Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev də dünya çempionatında əsas məqsədin olimpiadaya lisenziya qazanmaq olduğunu jurnalistlərə açıqlamasında söyləmişdir. Bu fikir nəticə etibarilə müsbət hesab oluna bilər. Amma  idmançıların qarşısına qoyulan əsas məqsəd Olimpiya lisenziyasıdır tələbi psixoloji cəhətdən daha çox bizim əleyhimizə oldu. Bunun da şahidi olduq.

Bəs, nəyə görə "əsas məqsəd lisenziya qazanmaqdır" fikiri uğursuzluğa səbəb olan amillərdən biri oldu?

Burada həssas məqamlar var. Belə çıxır ki, 5-ci yer də bizim üçün əsas məqsəd hesab olunurdu. Əsas dedikdə hər bir işin ali hədəfi nəzərdə tutulur. Belə olan halda 5-ci yer Olimpiya oyunlarına lisenziya verdiyindən bizim üçün ali hədəf sayıla bilərdi. Axı, biz özümüz bunu nəticə olaraq qarşıya əsas məqsəd qoymuşduq. Əgər bir idmançı 5-ci yer uğrunda mübarizə aparırsa, 10-cu və ya 15-ci yeri tutmaq qaçılmazdır. Axı hərşey istədiyin kimi getməyə bilər. Ağıla gəlməyən hakim təzyiqi, güclü qrup, şanssızlıq, taktiki səhv, orqanizmdə problem və s. amillər səni öz hədəfindən edə bilər. Ona görə də peşəkarlıq prinsipinə görə istənilən yarışda maksimum əsas məqsəd və ali hədəf çempionluqdur. Lisenziya yarışı olsun, ya olmasın. Axı, idmançı necə potensialından süni şəkildə aşağı iştirak edə bilər ki, 1 ya 5 nə fərqi var ki? 1-ci yeri qarşısına məqsəd qoyan idmançının yuxarıda qeyd etdiyim plana uyğun olmayan maneələrlə qarşılaşdığı zaman minumum nəticəsi 3-cü yer ola bilər.  Nəinki 5-ci yer. İdmançı medal uğrunda mübarizə aparıb, yer tutarsa, onsuzda avtomatik olaraq lisenziya da əldə olunacaq. Məncə, güləşçilərimizin əksəriyyəti lisenziyaya o qədər köklənmişdilər ki, dünya çempionatında iştirak etdiklərinin məsuliyyətini bir o qədər hiss etmirdilər. Onların fərdi şəkildə göstərdiyi nəticələr isə göz qabağındadır. Düzdür, bəzi güləşçilərimiz hakim təzyiqi ilə, çətin qrupla mübarizədə bəxtləri gətirmədi deyə bilərik. Amma istənilən halda səhvlər də var idi.

Hacı Əliyev dünya çempionatında öz çəkisində (65 kq)bəlkə də hamıdan güclü və təcrübəli idi. Hacı əsil ustadır. Amma buna baxmayaraq, Hacı daha çox taktiki cəhətdən rəqiblərinə məğlub olduğunu demək olar. Təsəlliverici görüşdə üçqat dünya çempionumuzun yaponiyalı idmançı ilə mübarizəsində yorğunluq da nəzərə çarpırdı. Bəlkə, bir gün əvvəl rus idmançısı ilə qalmaqallı görüşün təsiri də Hacını həm psixoloji, həm də fiziki cəhətdən yormuşdu. Hakim təzyiqi öz yerində. Amma dediyim kimi, Hacı taktiki cəhətdən istər rusiyalı, istərsə də yaponiyalı idmançı ilə görüşün ilk saniyələrindən belə hücuma atılmalı idi. Ona görə ki, Hacı sürətli və texnikalı idmançı olduğu üçün onun güləş potensialı açıq mübarizədə üzə çıxır. İlk saniyələrdən belə Əliyev rəqiblərinə açıq güləş təklif etməliydi. Açıq güləşdə Hacı özünü çox sərbəst hiss edir.  Rəqiblər isə əksinə, Hacı ilə daha çox bloklarda işləyib, onun əl - qolunu tutub, saxlamağa çalışırdılar. Bunu hiss edən keçmiş baş məşqçi Firdovsi Umudov da kənardan "Hacı özün başla" ifadəsini  möhkəm səslə təkrar edirdi.  Firdovsi Umudov  Hacının güləş üslubuna yaxşı bələd olduğu üçün onu erkən hücuma səsləyirdi.  Ümumiyyətlə, idmançı xalçada özünü tək hiss etməməlidir. Məşqçi amili böyük təsir qüvvəsidir. Nədənsə əksər görüşlərdə məşqçilərimiz həddindən artıq nəzakətli görsənirdilər. Bəzi şübhəli hakim qərarlarında dərhal reaksiya vermirdilər. Düzdür, hərşey qaydalar və etik normalar çərçivəsində olmalıdır. Hacı Əliyevin Hacımurad Rəşidovla görüşü skandal həddə qədər gəlib, çatmaya bilərdi. Ümumiyyətlə idmançılarımızı Rusiya pəhləvanları ilə görüşə Zəlimxan Hüseynovun çıxarması mənə görə düz deyil. Hamıya məlumdur ki, rusiyalı güləşçilərin çoxu dağıstanlılardır. Ona görə də Zəlimxan Hüseynov onlarla başqa ölkənin təmsilçisi kimi kimi üz-üzə gələn zaman hardasa öz həmyerlilərinə qarşı nə qədər olmaya nəzakətli olmağa çalışır. Hər nə qədər peşəkarlıq buna zidd olsa belə. Bu amil də bəzən prinsipial məqamlarda bizim əleyhimizə işləyə bilər.

Mahir Əmiraslanov (57 kq)rusiyalı rəqibi ilə görüşə əla başladı. Lakin 3:0 irəlidə olmasına baxmayaraq müdafiə planını düzgün qura bilməyib, 3:4 hesabı ilə məğlub oldu.

Hacımurad Hacıyev (74 kq) də amerikalı Cordan Barosla demək olar ki, tam potensialı ilə güləşmədi. Sanki məğlubiyyətlə əvvəlcədən barışmışdı. Elə bil bir az da rəqibin ad-sanından çəkinirdi.

Ən ağırçəkili pəhləvanımız Cəmaləddin Məhəmmədov (125 kq) çinli rəqibinə əsasən fiziki cəhətdən məğlub oldu.

Qeyd edək ki, bu mundialda idmançılarımızın əksəriyyəti fiziki cəhətdən hazır görünmürdülər. Bahadırlarımızda əsasən də fiziki hazırlığın tərkib hissələrindən biri olan dözüm çatmırdı. Bunu əksər görüşlərdə də açıq -aydın görmək mümkün idi. Ayrı-ayrı görüşlərdə hakimlər dəfələrlə dizi üstə oturub, dincələn idmançılarımızı mərkəzə dəvət edirdilər. Yəqin ki, məşqçilərimiz bundan sonra dözüm məşqlərinə ciddi yanaşacaqlar.

  Əhmədnəbi Qvarzatilov(61 kq) isə yeniyetmə dövründə necə güləşirdisə, indi də o cür güləşir. Bura böyüklərin mübarizəsidir. Burada daha diqqətli, sakit, səliqəli, səbrlə, ağılla mübarizə aparmalısan. Yoxsa, 12 xal ala bildiyin rəqibə 13 xal verib 12:13 hesabı ilə məğlub olmaq artıq böyük təcrübəsizlikdir. Düzdür, bu güləşdir, hər şey ola bilər. Amma bu idmançının əksər görüşləri böyük hesabla başa çatır. Müdafiədə bu qədər boşluqlar olmamalıdır.

Aleksandr Qostiyevin(86 kq) isə konkret güləş üslubu nədən ibarətdir, hələ məlum deyil. Bu və Şamil Zubairovla nəyəsə ümid etmək olmaz. Komandanın tərkibində dəyişikliklər olarsa, bu güləşçilər mütləq şəkildə əvəzlənməlidirlər. Saşanın çəkisi (86 kq) Olimpiya proqramında olduğundan bundan sonrakı lisenziyalı yarışlarında finala çıxmaq onun üçün heç də real görsənmir. Yeri gəlmişkən, hazırda əla formada olan və mundialı ikinci yerdə başa vuran Cəbrayıl Həsənovu 86 kq çəkidə Olimpiya lisenziyalı yarışlarda sınamaq olar. Necə ki, Şərif Şərifov bu təcrübədən əla keçdi.

Şərif Şərifovun (97 kq)çıxışını isə maksimum nəticə hesab etmək olar. O, həm olimpiadaya lisenziya qazandı, həm güclü ABŞ idmançısı Şnayderi məğlub etdi, həm də finala yüksəldi. Finalda isə dünyanın daha güclü güləşçilərindən biri olan Abdulrəşid Sədullayevə məğlub oldu. Həmin görüşdə Şərif sanki tükənmişdi.

Millimizin kapitanı Cəbrayıl Həsənovun (79 kq) da nəticəsini yüksək hesab etmək olar. Ən azından kapitan keçən ilki uğurunu bu yaşda təkrarladı.

Ramin Allahverdiyev, sərbəst güləş üzrə Respublikanın Əməkdar məşqçisi.