İngiltərə Premyer Liqasının 25-ci turunun oyunları keçirilib

Fevralin 2-də futbol üzrə İngiltərə Premyer Liqasının 25-ci turunun mərkəzi qarşılaşması keçirilib.

OLİMPSPORT xəbər verir ki, “Tottenhem Hotspur” stadionunda baş tutan görüşdə “Tottenhem” son çempion “Mançester Siti” komandasını qəbul edib. Görüşün ilk hissəsində qonaqlar hesabı açmağa yaxın olub. Belə ki, baş hakimin “Tottenhem” klubunun qapısına təyin etdiyi 11 metirlik cərimə zərbəsini İlkay Gündoğan dəqiq yerinə yetirə bilməyib. Qarşılaşmanın ikinci hissəsinin 60-ci dəqiqəsində Mançester təmsilçisi azlıqda qalıb. Aleksander Zincenko ikinci sarı vərəqəsini alaraq meydandan kənarlaşdırılıb. Matçın 63-cü dəqiqəsində “Tottenhem” klubu hesabı açıb. Kluba yeni transfer olunmuş Stiven Berqveyn uzaq məsafədən qapını dəqiq nişan alıb - 1:0. Qoldan səkkiz dəqiqə sonra London təmsilçisi yenidən qonaqları meydanın mərkəzindən başlamağa məcbur edib. Son Xın Min qurulmuş kombinasiyanı dəqiq zərbə ilə tamamlayıb - 2:0. Oyunun qalan vaxtı ərzində tərəflərin fərqlənməyə şansları olsa da, görüşdə hesab dəyişməyib və oyun 2:0 hesabı ilə "Tottenhem"in xeyrinə bitib.

Beləliklə, “Mançester Siti” cari mövsüm 6-cı məğlubiyyətini qazanıb və onun çempionluq mübarizəsində şansları azalıb. Buna səbəb isə “Liverpul” klubunun 73 xal toplayaraq Premyer Liqanın başa çatmasına 13 tur qalmış “Mançester Siti”dən 22 xalla irəlidə olmağıdır. “Tottenhem” bu qələbədən sonra 37 xalla 5-ci yerə yüksəlib.

Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

“Bormunt” - “Aston Villa” - 2:1;

“Kristal Palas” - “Şeffild Yunayted” - 0:1;

“Nyukasl Yunayted” - “Norviç Siti” - 0:0;

“Vatfotd” - “Everton” - 2:3;

“Liverpul” - “Southemton” - 4:0;

“Mançester Yunayted” - “Volverhemton” - 0:0;

“Vest Ham Yunayted” - “Brayton” - 3:3.