Kikboksinq Federasiyasında nə baş verir? - Vəzifəsindən azad olunan Güloğlan Cabbarov Adil Əliyevdən narazılıq edir

Kikboksinq Federasiyasının vəzifədən uzaqlaşdırılan vitse-prezidenti etiraz edir.  Azərbaycan Kikboksinq Federasiyası (AKF) ətrafında qalmaqal davam edir.

Qeyd edək ki, Federasiyanın 5 vitse-prezidenti eyni gündə istefaya göndərilib.   Məsələnin ən maraqlı tərəfi isə ondan ibarətdir ki, istefaya göndərilən şəxslərin bundan xəbərləri olmayıb və onlar bu barədə sosial şəbəkədə AKF prezidenti Adil Əliyevin paylaşdığı statusdan sonra xəbər tutublar. Bundan narazı qalan vitse-prezidentlərdən biri - Güloğlan Cabbarov A.Əliyevi tənqid edib.

OLİMPSPORT xəbər verir ki,   AYNA-ya danışan G.Cabbarov 12 ildən artıqdır Federasiyasının vitse-prezidenti olduğunu deyib: “Federasiyanın inkişafında hədsiz xidmətlərim olub. Amma dünən (4 yanvar – red.) sosial şəbəkə vasitəsilə işdən azad olunduğumu öyrənmişəm. Bu, mənə qarşı ədalətsizlikdir. Ən azından, rəhbərlik iclas keçirməli və bizi xəbərdar etməli idi”.   “Bu xəbəri oxuyanda şoka düşdüm. Biz nə qədər zəif insanlarıq ki, işdən azad olunduğumuz xəbərini “Facebook”dan oxuyuruq?! Halbuki öncə aramızda müzakirə edilib, daha sonra qərar verilməli idi. Bu cür addımlar qeyri-peşəkar addımlardır.  Mən də əsəblərimi cilovlaya bilmədim və sosial şəbəkədə onlara cavab verdim”, - o deyib.  

Cabbarov işdən çıxarılmasının səbəbini də açıqlayıb: “Səbəb göstərilir ki, 4 ildən bir iclas keçirilməlidir və heyət məlum olmalıdır. Düşünürəm ki, bu iclası bir az gec keçirmək olardı. Milli Məclis seçkilərinin bitməsini gözləməli idilər. Ondan sonra Federasiya seçkiləri keçirilməli idi. Biz də halallaşıb, xeyir-dua alıb gedərdik. Mən bu xəbəri “Facebook”dan oxumalı deyildim. Halbuki, bizim Adil Əliyevlə münasibətlərimiz yaxşı idi, 3-4 gün əvvəl bir yerdə çörək kəsmişdik”.

  Məsələ ilə bağlı AYNA-ya açıqlama verən AKF-in prezidenti Adil Əliyev bildirib ki, sözügedən məsələdən lazım olan insanların xəbəri olub: “İdarə Heyəti qərar qəbul edəndə heç kimdən nə etməli olduğunu soruşmur. Əsasnaməyə uyğun olaraq İdarə Heyəti 4 ildən bir yığışıb qərar qəbul edir və nəticələr hər kəsə deyilir. Burada qeyri-adi bir hal yoxdur. Hələ seçkilər keçirilməyib. Yaxın zamanlarda yeni seçkilər keçiriləcək”.   “Köhnə üzvlərin yenidən seçilməsi mümkün deyil. Hətta mənim özüm də, ola bilsin, yeni heyətdə olmayım. Məqsəd inkişafa fokslanmaqdır. Məqsədimiz Federasiyaya daha yaxşı dəstək ola biləcək vitse-prezidentlər tapmaqdır”, - A.Əliyev əlavə edib.