Hacı Əliyev əkiz qardaşları təbrik edib
Bu gün sərbəst güləş üzrə azyaşlılar arasında bir neçə turnirlərin qalibi olmuş əkiz idmançılar, Burhan və Ayhan Baxşəlizadələrin 10 yaşı tamam olur.
OLİMPSPORT xəbər verir ki, kiçik yubilyarlar doğum günlərini idman zalında öz dostları ilə birgə qeyd etmək arzusunda olublar. Lakin, koronavirus epidemiyası ilə bağlı bütün dünyada olduğu kimi Azərbaycanda da tətbiq edilən karantin rejimi əkizlərin arzusunu ürəyində qoyub. Amma buna baxmayaraq özlərinə idman kumiri seçdikləri üç qat dünya və Avropa çempionu, Olimpiya mükafatçısı Hacı Əliyev onları məxsusi olaraq öz instagram səhifəsində təbrik edib. Bu təbrik əkizlərin lap ürəyincə olub.
Qeyd edək ki, Burhan və Ayhan qardaşları Qaradağ rayonunda Şükran Nəcəfovun rəhbərliyi altında güləşin sirrlərini öyrənirlər.
Biz də OLİMPSPORT ailəsi adından əkiz qardaşları doğum günləri münasibətilə təbrik edir, onlara uzun ömür can sağlığı və gələcək idman karyeralarında yüksək nəticələr qazanmağı arzulayırıq!