Faşizm üzərində qələbədə Cəbrayıl Həsənovun da adı var

Bu gün II dünya müharibəsi zamanı alman faşizmi üzərində qələbənin 75 illiyi qeyd olunur.

OLİMPSPORT xəbər verir ki, bu müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.

Qeyd edək  ki, sərbəst güləş üzrə üçqat Avropa çempionu, dünya və Olimpiya mükafatçısı, millimizin kapitanı Cəbrayıl Həsənovun adını daşıdığı babası da faşizm üzərində qələbədə qəhrəmanlıq göstərib. Təsadüfi deyil ki, millimizin kapitanı baba Cəbrayıl Həsənovun qəhrəmanlıq irsini qoruyaraq idmançı kimi Azərbaycanın şərəfini layiqincə qoruyur və daima öz qələbələri ilə xalqımızı sevindirir.

Xatırladaq  ki, 1917-ci ildə Astara rayonunda dünyaya göz açmış Cəbrayıl İsaq oğlu Həsənov böyük vətən müharibəsində(1941-45) iştirak etdikdən sonra 1985-cı ildə dünyasını dəyişib.