"Bavariya" UEFA Çempionlar Liqasının 2019-2020-ci illər mövsümünün qalibi olub

Avqustun 23-də UEFA Çempionlar Liqasının 2019-2020-ci illər mövsümünün final görüşü keçirilib.

OLİMPSPORT  xəbər verir ki, turnirin həlledici görüşündə “Bavariya” (Almaniya) və “Paris Sen-Jermen” (Fransa) klubları üz-üzə gəlib. Portuqaliyanın paytaxtı Lissabondakı "Estadio da Luş" stadionunda keçirilən görüş “Bavariya”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmanın birinci hissəsinində hər iki komandanın təhlükəli vəziyyəti olsada hesab açılmayıb.

Oyunun ikinci hissəsinə daha üstün başlayan Münxen təmsilçisi 59-cu dəqiqədə hesabı açıb. Coşua Kimixin cinah ötürməsindən sonra qapıya dəqiq baş zərbəsi vuran Kirsli Koman komandasına vacib qələbə gətirib.

Qalan dəqiqələrdə hesab dəyişilməyib.

Qeyd edək ki, bu oyun komandaların avrokuboklarda 9-cu dueli olub. “Paris Sen-Jermen” və "Bavariya" indiyədək UEFA Çempionlar Liqasının qrupunda 8 dəfə üz-üzə gəliblər.

Bunların 5-də Paris təmsilçisi, 3-də isə münxenlilər qələbə qazanıb. “Paris Sen-Jermen”nin 12 qoluna, "Barvariya" 11 topla cavab verib. Paris təmsilçisi tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin finalında oynayıb. Paytaxt klubu Fransa çempionatının son 8 mövsümündə 7 dəfə qalib olub. Bu günə kimi beş dəfə UEFA Çempionlar Liqasının qalibi olmuş "Bavariya" isə son olaraq 2013-cü ildə bu titulu əldə edib. Münxen təmsilçisi 6-cı kubokunu qazanaraq "Liverpul" klubu ilə bu titula görə bərabərləşib.