Azərbaycan İdman Könüllülərinin 1-ci Forumu keçirildi
OLİMPSPORT xəbər verir ki, Forumun açılış mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Milli Məclisin deputatları Könül Nurullayeva, Müşviq Cəfərov və Vüqar İskəndərov iştirak edirdilər.
Bildirildi ki, bu ilin ölkə başçısı İlham Əliyev tərəfindən “Könüllülər ili” elan olunması və məhz forumun bu dönəmdə gerçəkləşdirilməsi mühüm, eyni zamanda, təqdirə layiq haldır.
Çıxışının davamında nazir Azad Rəhimov bildirdi ki, Azərbayacanda idman könüllülüyünün tarixi olduqca gəncdir. “İlk Avropa Oyunları, Formula-1 yarışlarının Bakı mərhələsi, IV İslam Həmrəyliyi oyunları, Avropa Gənclərinin Olimpiya Festivalı, eyni zamanda, ölkəmizdə müxtəlif idman növləri üzrə keçirilən dünya və Avropa çempionatları, beynəlxalq turnirlərin aparıcı qüvvələrindən biri daim könüllülər olub. Könüllülərin bilik və bacarıqlarının artırılması məqsədi ilə ölkəmizə bu sahədə çox böyük təcrübə və bacarıqlara malik beynəlxalq mütəxəssislər cəlb edildi. Bu gün ölkəmizdə kifayət qədər böyük könüllülük təcrübəsinə malik vətənpərvər, istedadlı və yardımsevər gənclərimiz var.”
Çıxışçılar qeyd etdilər ki, qısa zaman ərzində fəaliyyət göstərən “Azərbaycan İdman Könüllüləri” ictimai birliyinin həyata keçirdiyi layihələr ölkədə vahid könüllülük bazasının formalaşdırılması və təkmilləşdirilməsinə yönəlib. Belə ki, təşkilat Gənclər və İdman Nazirliyinin idman strukturları ilə əlaqələr yaradıb, bir sıra idman federasiyaları ilə birgə layihələr həyata keçirib, təhsil müəssisələrində təhsil alan gənclərin idman könüllüsü kimi cəlb olunması ilə bağlı ciddi addımlar atıblar. Sağlam gəncliyin yetişməsində, Azərbaycanın dünyada daha geniş tanıtımında, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin böyük rolu olduğu diqqətə çatdırıldı və bildirildi ki, könüllülərin çox böyük faizinin gənclər olduğunu nəzər alsaq, demək onların üzərinə daha böyük məsuliyyət düşür. Könüllülüyün vahid bir mərkəzdən idarə olunması, təcrübə keçdikcə onlara müəyyən dərəcələrin verilməsi və digər təkliflər çıxışçılar tərəfindən forum çərçivəsində səsləndirildi.
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti