Dünyanın ən güclü qapıçılarından olan Renat Dasayevə 4 qol vuran azərbaycanlı futbolçu 65 yaşını qeyd edir
Bu gün "Neftçi" klubunun veteran futbolçusu Səmədağa Şıxlarovun 65 yaşı tamam olur.
OLİMPSPORT xəbər verir ki, karyerası ərzində "Neftçi"nin heyətində 152 oyunda meydana çıxan Səmədağa Şıxlarov keçmiş SSR Çempionatları tarixində bir çox güclü klubların qapısından qollar keçirib. Kiyevin "Dinamo", Moskvanın "Spartak", Leninqradın "Zenit", Donetskin "Şaxtyor", Dneprpetrovskın "Dnepr", Moskvanın "SSKA", "Odessanın "Çernomorits", Almatanın "Kayrat" və İrəvavın "Ararat" klubları Səmədağa Şıxlarovun qollarını öz qapılarından çıxarıblar. 65 yaşlı veteran futbolçumuzun ən yadda qalan qolları isə, sözsüz ki, "Spartak" Moskvanın qapısını qoruyan məşhur Renat Dasayevin qapısından keçirdiyi qollardır. Səmədağa Şıxlarov dünyanın ən güclü qapıçılarından olan Renat Dasayevə müxtəlif illər ərzində 4 qol vuran üç futbolçudan biridir.
Yubilyar 1982-ci ildə SSR-nin Olimpiya yığmasına da dəvət alıb.
Xatırladaq ki, Səmadağa Şıxlarov SSR idman ustası, Azərbaycan Respublikasının əməkdar məşqçisidir.
Qeyd edək ki, Azərbaycan futbolunun canlı əfsanəsi, futbolumuzun inkişafına öz töhfəsini verə biləcək təcrübəli mütəxəssis bəzi həmkarları kimi işsizlər sırasında yer alıb. Ümid edirik ki, tez bir zamanda AFFA və ya klublarımız belə bir futbol mütəxəssisinin xidmətlərindən faydalanmaq üçün lazım olan addımı atacaqlar.