Daha bir idman ocağı fəaliyyətini dayandırdı
Uzun illər fəaliyyət göstərən ŞÜA İdman Kompleksinin güləş zalı birdəfəlik bağlanıb. Bu barədə "Olimpsport.az" saytına həmin zalda məşqçi kimi fəaliyyət göstərən sərbəst güləş üzrə əməkdar məşqçi Ramin Allahverdiyev məlumat verib.
O, bildirib: "Təəsüf ki, Azərbaycan xalqının qələbə ab-havası yaşadığı bir dönəmdə belə bir xoşagəlməz hadisə baş verdi. Bundan öncə biz belə bir hadisənin qurbanı olmuşduq. Xatırladım ki, ilk SSR çempionu yetişən, 1 əsrdən çox yaşı olan, sərbəst güləş üzrə baş məşqçisi olduğum "Lokomotiv" İdman Sağlamlıq Mərkəzi 2017-ci ildə ləğv olundu. Yüzlərlə idmançı və məşqçi heyəti həmin vaxtı zalsız qaldı. Elə o vaxtdan özəl fəaliyyət kimi ŞÜA İdman Kompleksinin güləş zalında icarəyə vaxt götürdük. Burada bizdən əvvəl də minlərlə güləşçi yetişib. Qeyd edim ki, vaxtilə ŞÜA İdman Kompleksi güləş yığmamızın təlim-məşq bazası olub. Buradan Avropa, dünya və Olimpiya mükafatçıları yetişib. Bundan əlavə, ləğv edilən həm "Lokomotiv" İSM-də həm də ŞÜA İK-də yetişən idmançılarımız II Qarabağ müharibəsində də şərəflə xidmət edib. Tələbələrimizdən Elnur Mustafayev Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Çoxlu sayda idmançı yaralılarımız var. Bu gün idman ocaqlarında təkcə idmançı yetişmir. Eyni zamanda vətənpərvər ruhunda gənc nəsil yetişir. Hesab edirəm ki, bu barədə aidiyyəti qurumlar pandemiyanın idmana vurduğu ziyanın qarşısını almaqda fəal olmalıdırlar. Bu gün ləğv edilən ŞÜA sırf buna görə bağlandı. Kompleksin müdriyyəti açıq şəkildə bildirdi ki, xeyli vaxtdır koronavirusla bağlı zalların fəaliyyətinə qoyulan qadağa bizə maddi ziyan vurur. Onlar bildirdilər ki, hələ bilmək olmaz bundan sonra nə qədər qadağa qüvvədə qalacaq. Zalı boş saxlaya bilmərik dedilər. Ona görə də obyektin maddi xeyir gətirəcəyi bir fəaliyyətə çevirməyi qərar verdilər. Bir tərəfdən sahibkarı da qınamaq olmur. Hərə öz xeyirini, öz marağını düşünür. Amma idman sahəsi belə düşüncəni sevmir. İdmana, idmançılara obyekt gözü ilə baxmaq olmaz. Çünki, idmanın və idmançıların cəmiyyətə verdiyi töhfənin qiyməti yoxdur. Mən üzümü idmana cavabdeh şəxslərə, idmana aidiyyəti olan qurumlara tutub, xahiş etmək istəyirəm ki, özəl idman klubunun sahibkarları ilə bir görüş keçirsinlər, onlara bir məsləhət versinlər, ən azı onlara mənəvi dəstək nümayiş etdirsinlər. Bilirəm, bu onların öhdəliyində olan məsələ deyil. Amma idmanın təəssübünü çəkmək hər bir idman ailəsinin bir vəfa borcudur. Eyni zamanda indi hamının başı qarışıqdı. Bir tərəfdən pandemiya ilə bağlı karantin rejimi, bir tərəfdən də yenicə başa çatmış Qarabağ müharibəsi. Baxmayaraq ki, biz bu savaşda qələbə qazanmışıq. Amma hələ də xalqımız stress içindədir, şəhidlərimiz, yaralılarımız var. Amma bir tərəfdən də şəxsən mənim də şahid olduğum onlarla idman zalları var ki, pandemiya dövründə öz fəaliyyətini dayandıraraq, obyekti iaşə obyektlərinə çeviriblər. Amma düşünmürlər ki, sözümün əvvəlində dediyim kimi, idman təkcə yarış demək deyil. Bizə sağlam gələcək lazımdır. Biz hamımız potensial döyüşçüyük. Azərbaycanın hələ bundan sonra çiçəkli gələcəyi başlayır. Prezident İlham Əliyev də bir çıxışında vurğuladı ki, biz coğrafiyanı genişləndiririk və çalışmalıyıq ki, idmanla məşğul olmaq vərdişi kütləvi xarakter alsın. Bu gün biz cənab Ali Baş Komandanın hər bir çağrışına əməli şəkildə səs verməliyik. İnanıram ki, hələ bundan sonra işğaldan azad olunmuş Qarabağ torpaqlarında idman coğrafiyası genişlənəcək və Qarabağdan dünya şöhrətli idmançılarımız çıxacaq".
Qeyd edək ki, fəaliyyətini dayandıran zalda müxtəlif idman növləri üzrə onlarla müəllim və yüzlərlə idmançı idmanla məşğul olurdu. İdman zallarına qoyulan qadağanın ləğvindən sonra bu idmançı və məşqçilərin taleyinin necə olacağı isə sual altındadır.