Teymur Rəcəbov: "Ümid edirəm ki, FIDE məni iddiaçılar Turnirindən kənarda qoymamaq üçün məqbul bir həll variantı tapacaq
“Airthings Masters” turnirində ciddi fiziki və emosional gərginlik yaşadım. Ümumilikdə doqquz gün ərzində 35 partiya oynadım. Fərqli reqlament olmasına baxmayaraq, bəzən klassik oyun oynamaqdan qat-qat çox güc istifadə olunur. Gün ərzində tay-brekləri nəzərə almadan dörd partiya oynanılırdı. Belə çətin yarışın finalında qələbə qazandıqdan sonra neçə gündür hiss etdiyin bütün bu gərginlik səni tərk edir. Sevinc göz yaşlarını gizlətmək çətin olur. Əvvəllər hisslərimi idarə etməyi bacarırdım. Ancaq bu dəfə alınmadı...
OLİMPSPORT xəbər verir ki, bu sözləri qrossmeyster Teymur Rəcəbov “Champions Chess Tour” onlayn şahmat seriyası çərçivəsində keçirilmiş “Airthings Masters” turnirində qələbəsi ilə bağlı Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibəsində deyib.
Şahmatçımız qələbə münasibətilə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın onu təbrik etməsinin son dərəcə xoş və qürurverici olduğunu vurğulayaraq bildirib: “Əgər sənin çıxışını Vətənində birinci şəxslər qiymətləndirirsə, bu inanılmaz dərəcədə xoşdur və şərəflidir. Bu, artıq ikinci təbrikdir. Həmin an yüksək mənəvi yüksəliş və ölkəm üçün faydalı olmaq arzusu yaşadım”.
Qarşıdakı yarışlarla bağlı məlumat verən şahmatçımız fevral, mart və mayda dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un növbəti mərhələlərində iştirakının planlaşdırıldığını bildirib. Qeyd edib ki, ilin sonuna qədər yarışların olmasına baxmayaraq, Avropa və dünyada epidemioloji vəziyyətdən asılı olaraq bəzi turnirlərin təxirə salınması və ya ləğvi istisna olunmur.
Şahmatçımız Yekaterinburqda keçiriləcək İddiaçılar Turnirində iştirakı ilə bağlı fikirlərini də bölüşüb: “Mən İddiaçılar Turnirində iştirakdan imtina etməmişəm, yalnız FIDE-dən bu turnirin təxirə salınmasını xahiş etmişəm. Çünki pandemiya zamanı iştirakçıların məhdudiyyətlərə görə tam gücləri ilə oynaya bilməyəcəklərini düşündüm. Turdan əvvəl testin verilməsi, hərarətin ölçülməsi, oteldən çıxmağa qadağanın qoyulması təsirsiz ötüşmür.
Şahmatçılardan biri xəstələnsə nə ediləcəyi bəlli deyildi və s. İddiaçılar Turniri pandemiyanın sürətlə yayıldığı bir vaxtı 22 gün müddətində keçirilməli idi. Tibbi maska geyinməklə, yəni, demək olar ki, xəstəxana şəraitində şahmat oynamağın psixoloji baxımdan çətin olacağını düşünürdüm. Yeri gəlmişkən, bu turnir martın 15-də başladı və sona çatdırılmadı. Ümid edirəm ki, FIDE məni dünya çempionu adı uğrunda mübarizədə mühüm yarış hesab edilən İddiaçılar Turnirindən kənarda qoymamaq üçün məqbul bir həll variantı tapacaq”.