İlham Əliyev xalqı təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrik mətnini təqdim edirik:

Sizi əziz Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı və səadət arzulayıram.

Novruz bayramı bizə ulu əcdadlarımızın təbiətin əbədi nizamına ehtiramını ifadə edən müqəddəs yadigarıdır. Bu bayram Azərbaycan xalqının qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü olub, mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur. Yad təsirlərdən qoruyaraq layiqincə yaşatdığımız Novruz ənənələri çoxəsrlik keçmişinə daim ehtiramla yanaşan xalqımızın, eyni zamanda, bəşər mədəniyyətinə töhfəsidir.

Yaz bayramının Odlar diyarına builki gəlişi xüsusən əlamətdardır. Şadam ki, müstəqilliyimizin bu baharına dövlətçilik tariximizdə qızıl hərflərlə əbədi qalacaq və həyatımıza hələ yeni-yeni nailiyyətlər bəxş edəcək parlaq Qələbə ilə qədəm qoymuşuq. Haqq işi uğrunda mübarizə duyğusundan aldığımız misilsiz mənəvi güclə biz sınaq anında yumruq kimi birləşərək əzəli torpaqlarımıza xaincəsinə uzanan əlləri kəsmiş, yurdumuzu bədxah düşməndən təmizləmiş və ədaləti qanımız bahasına bərpa etmişik. Ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir.

Xalqımızın qalibiyyət ovqatını bütün qəlbi ilə yaşadığı bu bayram günlərində bir daha Vətənimizin ərazi bütövlüyü naminə canlarını fəda etmiş qəhrəman övladlarımıza rəhmət diləyir, onların əziz xatirəsini dərin ehtiramla yad edirik.