"Norveçlə oyun gərgin olacaq" - Şenol Günəş
Türkiyə millisinin baş məşqçisi Şenol Günəş DÇ-2022-nin seçmə mərhələsində Norveçlə matçdan əvvəl keçirilən mətbuat konfransında oyundan gözləntilərini bölüşüb.
OLİMPSPORT xəbər verir ki, 68 yaşlı mütəxəssis deyib:
"Norveç futbolu son illərdə yüksəlir. Gənc, istedadlı, dünyaca məşhur oyunçuları var. Yaxşı komanda oyunu nümayiş etdirirlər. Fiziki güclərindən çox gözəl yararlanırlar. Hücumdakı futbolçularının fərdi üstünlükləri ilə nəticə qazana biləcək bir komandadır. Çox gərgin bir oyun olacaq. Niderlandla matç nə qədər vacib idisə, bu oyun da o qədər əhəmiyyətlidir. Həmin qələbədən sonra bu görüşdə də qalib gəlsək, üstünlüyümüz artacaq. Ona görə də çox çalışmalıyıq. Çətinlikləri bilirik. Gücümüzün də fərqindəyik. Bütün çətinlikləri aşıb, nəticə əldə etməyə çalışacağıq. Norveçlə mübarizəyə hazırıq".
O deyib ki, dörd futbolçusu bu görüşdə iştirak edə bilməyəcək: "Məşqlərin ilk günündə İrfan Can Kahveci və Nazım Sanqare ayrılmaq məcburiyyətində qaldı. Daha sonra Zeki Çelik də heyətdən çıxdı. Merih Demiral da özünə gəlmədiyi üçün ümumilikdə 4 futbolçumuz yoxdur".
Qeyd edək ki, bu gün keçiriləcək Norveç - Türkiyə matçı Bakı vaxtı ilə 21:00-da başlayacaq.