Multimedia Baş hakim Portuqaliya yığmasından üzr istədi

Hollandiyalı baş hakim Danni Makkeli Serbiya yığması ilə dünya çempionatının seçmə oyununun uzatma dəqiqələrində Portuqaliya millisinin qolunu saymadığı üçün üzr istəyib.

OLİMPSPORT xəbər verir ki, bu barədə qonaq komandanın baş məşqçisi Fernandu Santuş açıqlama verib.

Santuş bildirib ki, Makkeli matçın ardından epizodun təkrarına baxdıqdan sonra üzrxahlıq edib: "O, hələ meydançada mənə görüntülərə baxmaq və əsas olarsa, üzr istəmək niyyətində olduğunu dedi. Belə də oldu, üzr istədi".

Qeyd edək ki, Serbiya - Portuqaliya matçı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Hazırda hər iki komanda A qrupunda 4 xalla ilk 2 pillədə qərarlaşıb. İlk turda Portuqaliyaya 0:1 hesabı ilə uduzmuş Azərbaycan millisi martın 30-da Serbiyanı qəbul edəcək.