Rövnəq Abdullayev IJF prezidenti ilə görüşüb

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer arasında görüş keçirilib.

Onlar Böyük Dəbilqənin keçirildiyi Türkiyənin Antalya şəhərində bir araya gəliblər.

Görüşdə Azərbaycanda cüdonun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Eyni zamanda IJF İcraiyyə Komitəsinin üzvü olan R.Abdullayev ölkə idmançılarının Yay Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları yüksək nailiyyətlərdən söhbət açıb.

Ölkədə cüdo idman növünün də zəngin ənənələrə malik olduğunu qeyd edən ACF prezidenti son vaxtlar Azərbaycan idmançılarının mötəbər yarışlardakı uğurlarını vurğulayıb. O, Azərbaycan cüdoçularının dünyanın müxtəlif ölkələrində keçirilən Böyük Dəbilqə turnirlərində medallar qazandığını diqqətə çatdırıb.

Səmimi görüşə görə minnətdarlığını bildirən M.Vizer Azərbaycanın artıq bütün dünyada idman ölkəsi kimi tanındığını söyləyib. O, dövlət səviyyəsində Olimpiya Hərəkatı və idmanın inkişafına göstərilən diqqətin dəfələrlə ümumdünya idman təşkilatları və federasiyaları tərəfindən qiymətləndirildiyini bildirib. Azərbaycan cüdoçularının gələcək beynəlxalq yarışlarda da uğurla çıxış edəcəyinə ümidvar olduğunu söyləyən IJF prezidenti Bakıda ənənəvi Böyük Dəbilqə yarışlarının hər zaman yüksək səviyyədə keçirildiyini, bu mötəbər turnirdə beynəlxalq və yerli federasiyaların birgə işçi qrupunun səmərəli fəaliyyətini xüsusi vurğulayıb.

Görüşdə ACF və IJF arasında mövcud olan səmərəli əməkdaşlıq və pandemiya dövründə cüdonun davam etdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb. Mövcud vəziyyətin müxtəlif turnirlərin keçirilməsinə və cüdo idman növünün sabitliyinin təmin olunmasına təsiri, bu istiqamətdə həyata keçirilən tədbirlər ətraflı müzakirə olunub.

Sonda xatirə şəkli çəkdirilib.