“Türkiyə klublarının Superliqaya qatılması problem yaradar” - Peres

“Real”ın və Avropa Superliqasının prezidenti Florentino Peres təşkilatın fəaliyyətini dayandırması haqqında danışıb.

74 yaşlı funksioner “El Laguero”ya açıqlamasında hələ də gələcəkdə belə bir yarışı keçirmək istədiyini deyib:

 

“Çox məyusam. 3 il idi ki, bu layihə üzərində çalışırdıq.Çempionlar Liqasının formatı artıq köhnəlib. Mən həyatım boyu belə mütəşəkkil hücum görməmişdim. Təhdidlər, təhqirlər…

6 İngiltərə klubunun içində 1-nin bu Superliqaya marağı nisbətən daha az idi. Nəticədə bu, digərlərinə də təsir etdi. Superliqanın futbola zərər verəcəyi, onu öldürəcəyimizlə ilə bağlı isə hamınıza yalan dedilər. Belə yalanlar deyən insanların itirmək istəmədiyi şeylər var. Avropa Superliqası layihəsi işə yaramayıbsa, başqası yarayacaq. Unutmayın ki, 12 klub birlikdə müqavilə imzalayıb. “Yuventus” və “Milan” ayrılmayıb. “Barselona” hələ düşünür. Bəlkə, hər şeyi bir az dəyişdirə bilərik. İngiltərə və İspaniyadan ən böyük 4 klub gələ bilər. Vacib olan böyüklərin oynamağıdır. Belə olan halda uşaqlar futbolu izləyəcək”.

Superliqa layihəsinin ləğv olunmadığını vurğulayan Peres Türkiyə kimi ölkələrdən olan klubların belə bir təşkilata qatılmasının problem yaradacağını deyib:

“Superliqa layihəsi hələ ölməyib, hələ də var. Sadəcə fəaliyyətini dayandırıb. Hər bir təklifin müzakirəsinə hazırıq. Amma kiçik bir liqadan, məsələn Türkiyədən nir klub bura daxil olmaq istəsə, problem yaranar. Çünki pul böyük oyunlardan, böyük rəqabətlərdən gəlir.  Bu layihədə heç kim məni tək buraxmayıb. Andrea Anyelli ilə 3 dəfə danışmışam. O, mənim yanımdadır. “Barselona” da mənim tərəfimdədir. Əgər Superliqanın öldüyünü düşünürsünüzsə, çox yanılırsınız. Mən nə UEFA-dan qorxuram, nə də FİFA-dan. “Superliqadan çıxdıq” açıqlaması verməklə heç kim layihədən kənara çəkilə bilməz. Çünki o klubların heç biri çıxmaq üçün lazım olan təzminatı ödəməyib. Ona görə də heç kim ayrılmayıb. Əgər çıxsalar, bunun cəzasını çəkəcəklər”.