Şəhriyar yarımfinalda, Teymur uduzdu
Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “New In Chess” adlı 5-ci mərhələsində 1/4 finala yekun vurulub.
Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazanıb.
1/4 finalın ilk görüşlərində Alireza Firuzcaya (FİDE) 3:1 hesabı ilə qalib gələn 36 yaşlı qrossmeyster bu raundun digər qarşılaşmalarında da rəqibinə şans verməyib. Birinci və üçüncü partiyalarda qara fiqurlarla qələbə qazanan Məmmədyarov ikinci görüşdə heç-heçə edib. Nəticədə 4-cü partiyanı oynamağa ehtiyac qalmayıb. Onun yarımfinaldakı rəqibi 1/4 finalda Le Kuanq Lyemi (Vyetnam) mübarizədən kənarlaşdıran Hikaru Nakamura (ABŞ) olacaq.
Teymur Rəcəbov isə 1/4 finalın ikinci günündə Maqnus Karlsenə uduzaraq mübarizəni dayandırıb. Onların arasındakı ilk görüşlər 2:2 hesabı ilə başa çatmışdı. Karlsen yarımfinalda Levon Aronyanla (Ermənistan) qarşılaşacaq.
Qeyd edək ki, yarımfinal görüşləri də 2 gün davam edəcək. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brekə ehtiyac duyulacaq