Multimedia Ramil Quliyevin həyat yoldaşı da Türkiyə millisini seçdi

Rusiyalı atlet Yekaterina Poistoqova-Zavyalova-Quliyeva idman vətəndaşlığını dəyişib.

 Ümumdünya Atletikası (World Athletics) 800 metr məsafəyə qaçış üzrə London-2012 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısının Türkiyə millisində çıxış etməsinə icazə verib. 30 yaşlı idmançı bundan sonra həyat yoldaşı, əslən azərbaycanlı atlet Ramil Quliyevlə birlikdə "ay-ulduzlular"ın uğurları üçün yarışacaq.

Poistoqova 2015-ci ildə dopinq qalmaqalına görə idmandan kənarlaşdırılıb. Ümumdünya Antidopinq Agentliyi (WADA) əvvəlcə təcrübəli idmançı üçün ömürlük diskvalifikasiya tələb edib. Lakin rusiyalı vəkillər cəzanı iki ilə endirməyə nail olublar. Həmçinin onun olimpiya medalı da saxlanılıb. Buna baxmayaraq, Rusiya yığmasının heyətində nüfuzlu yarışlara qatılma şansı olmayan atlet özünü yenidən beynəlxalq arenada sınamaq və potensialını reallaşdırmaq üçün Türkiyə vətəndaşlığını qəbul edib.