Qadın velosipedçimiz Çexiyada çempion oldu

Azərbaycanın şosse velosipedi üzrə yığma komandası və Sloveniyanın "BTC City Ljubljana" klubunun üzvü Yelena Pavluxina Çexiyada keçirilən və 5 mərhələdən ibarət olan "Gracia Orlova" turunu qələbə ilə başa vurub.

Olimpsport.az saytının məlumatına görə, yarışın 2-ci mərhələsində hamını qabaqlamaqla ümumi təsnifatda lider köynəyini ələ keçirən velosipedçimiz bu üstünlüyünü sonadək qoruyub.

Məlumat üçün onu da qeyd edək ki, idmançımız Hollandiyanın nüfuzlu "Rabobank" klubunun avstraliyalı üzvü Sara Gillounu 1 dəqiqə, 45 saniyə, Almaniyanın "Canyon Sram Racing" komandasının belaruslu nümayəndəsi, Bakı-2015 ilk Avropa Oyunlarının qalibi Alyona Amalisyuku isə 1 dəqiqə, 50 saniyə qabaqlayıb.

Bu qələbə Yelena Pavluxinaya Rio-2016 Yay Olimpiya Oyunlarına vəsiqə yolunda növbəli lisenziya xalları da qazandırıb. Belə ki, təmsilçimiz 2-ci mərhələnin qalibi olmaqla 8, ümumi təsnifat birinciliyinə görə isə əlavə 40 reytinq xalı əldə edib.