Şenol Güneş: "Azərbaycanı öz meydanımız kimi görürük"

"Azərbaycan bizim üçün önəmlidir. Azərbaycanı öz meydanımız kimi görürük".

Bunu Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Bakıda keçirəcəkləri AVRO-2020-nin oyunları barədə danışarkən deyib.

69 yaşlı mütəxəssis 2019-cu ilin dekabrında Azərbaycan paytaxtına etdiyi səfəri zamanı məşq üçün stadionları axtararkən, isti münasibət gördüyünü xatırladıb: "Oyunlara nə qədər tamaşaçının gələcəyini bilmirəm, amma bu baxımdan üstünlüyümüzün olacağını düşünürəm. Türkiyə - Azərbaycan əlaqələri son dönəmdə daha da yüksək səviyyəyə qalxıb. Meydanda bizi dəstəkləyən o azarkeşlərə yaxşı oyunla gözəl nəticələr verməyimizin gərəkliyini düşünürəm".

Qeyd edək ki, ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək Türkiyə yığması iyunun 16-da Uels, iyunun 20-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.