Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfirlərin təqdimat və mükafatlandırma mərasimi keçirilib
Bu gün Dayanıqlı İnkişaf Məqsədləri üzrə seçilmiş 17 gənc səfirin təqdimat və mükafatlandırma mərasimi keçirilib.
Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, gənc səfirlərin seçimi Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının ölkəmizdə ilk dəfə olaraq birgə həyata keçirdiyi "Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni əsasların yaradılması" layihəsi çərçivəsində baş tutub.
Rəsmi təqdimat mərasimi Azərbaycan Respublikası Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Əlaqələndirmə Şurasının sədri cənab Əli Əhmədov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, BMT-nin Inkişaf Proqramının Rezident nümayəndəsi Alessandro Frakasseti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev və Milli Məclisin deputatı Məzahir Əfəndiyevin iştirakı ilə keçirilib.
Baş nazirin müavini Əli Əhmədov tədbirdə çıxış edərək bildirib ki, bu layihə uzunmüddətli və eyni zamanda özünü doğruldan layihələrdən biridir. Qeyd edib ki, layihə Azərbaycan gənclərinin beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirakı baxımından mühüm əhəmiyyət kəsb edir. Fəaliyyətini başa vuran gənc səfirlərin uğurlarını müsbət dəyərləndirərək gənc səfirləri təbrik edən Əli Əhmədov onların etimadı doğruldacaqlarına və öz üzərlərinə düşən missiyanı uğurla həyata keçirəcəklərindən əminliyini ifadə edərək uğurlar arzulayıb.
Nazir müavini İ.Babayev gənc səfirləri təbrik edərək, onlara bu məsuliyyətli işdə uğurlar arzu edib. Nazir müavini gənclərin çox böyük uğur qazanacaqlarına inandığını bildirib. O qeyd edib ki, gənc səfir seçilmək üçün müsabiqəyə müxtəlif regionlardan 300-ə yaxın ərizə daxil olub. Bu gənclərdən şəffaf aparılan seçim prosesi çərçivəsində müvafiq bilik və bacarıqlara malik 17 nəfər gənc, yekunda Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycanda növbəti Gənc Səfir seçiliblər.
BMT İnkişaf Proqramının Rezident nümayəndəsi A.Frakasseti Gənclər və İdman Nazirliyinə göstərdikləri dəstək üçün öz təşəkkürünü bildirib, bu gənclərin hər birinin təmsil edəcəkləri sahədə uğurlu olacaqlarına inandığını qeyd edib.
Qeyd edək ki, 2018-2020-ci illərdə fəaliyyət göstərmiş DİM üzrə Gənc Səfirlərin uğurlu fəaliyyəti və DİM-lərin ölkə ərazisində təbliğində göstərmiş olduqları səylər layihənin növbəti DİM üzrə gənc Səfirlərin seçilməsini zəruri edib. Ötən illər ərzində layihənin gənclərə qazandırdığı bilik və bacarıqlara əsasən, 2021-2023-ci illər üzrə növbəti Gənc Səfirlərin ölkədə DİM-lərlə əlaqəli həyata keçirilən təşəbbüslərdə daha fəal və innovativ təbliğ vasitələri ilə fəaliyyət göstərəcəyinə şübhə yoxdur.