Tələbələr arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib

İyunun 14-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə tələbələr arasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

Gənclərin asudə vaxtlarının səmərəli təşkili, intellektual inkişafının təmin olunması və potensialının artırılması məqsədi ilə həyata keçirilən layihədə Bakının 11 ali və orta ixtisas təhsili müəssəsindən olan komandalar iştirak edib.

Tədbirin açılış mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev, ATGTİ-nin sədri Pərviz Mirələmli və Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva çıxış edərək ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan, onun Azərbaycan gəncliyinin hərtərəfli inkişafı üçün göstərdiyi xüsusi diqqət və qayğıdan, gənclərin intellektual səviyyələrinin yüksəldilməsi və vətənpərvər ruhda tərbiyə olunması sahəsində görülən işlərdən bəhs ediblər.

Maraqlı, bir o qədər də gərgin keçən oyun zamanı ən yaxşı nəticə göstərən Azərbaycan Turizm və Menecment Universitetinin komandası qalib gəlib.

İkinci və üçüncü yerlərin sahibi isə Dövlət Gömrük Komitəsinin Akademiyası və Azərbaycan Tibb Universitetinin komandaları olublar. Sonda ilk üç yerin sahibi olan komandalar mükafatlandırılıblar.