AİJA 2021-ci ilin idman yekunları ilə bağlı mükafatlandırma mərasimi təşkil edib

Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının və Avropa İdman Mətbuatı İttifaqının ölkəmizdə rəsmi təmsilçisi Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının 2021-ci ilin idman yekunlarına həsr olunmuş mükafatlandırma mərasimi keçirilib.

OLİMPSPORT xəbər verir ki, mərasim e-Topaz və "FULL Energy"nin dəstəyi ilə baş tutub. Tədbiri Assosiasiyanın prezidenti, əməkdar jurnalist Eldar İsmayılov açıq elan etdi. Əvvəlcə, ötən il ərzində dünyasını dəyişən AİJA üzvlərinin xatirəsini 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra AİJA-nın 1 illik fəaliyyətini özündə əks etdirən video-çarx nümayiş etdirilib. AİJA-nın fəaliyyətinə və idman jurnalistikamıza daim diqqət göstərən keçmiş idman şərhçisi, Bal Line şirkətinin rəhbəri Altay Əliyev xüsusi təşəkkürnamə ilə təltif edilib. Bildirilib ki, Altay Əliyev bu il 10 illiyini qeyd edəcək E-topazı uğurdan-uğura daşıyır. Üzrlü səbəbdən tədbirdə iştirak edə bilmədiyi üçün mükafat şirkətin nümayəndəsi İlqar Axundova təqdim edilib.

“Qarabağ Azərbaycandır!”. Müzəffər Ali baş komandan cənab prezident, dahi Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin dillər əzbərinə çevrilmiş bu sözləri Azərbaycan futbolunda da öz əksini tapır. Futbol tariximizdən silinməyəcək ilklərə imza atan “Qarabağ”ın bütün uğurlarının baş memarı, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının versiyasına görə 2021-ci İLİN MƏŞQÇİSİ seçilmiş Qurban Qurbanov, İLİN FUTBOL XADİMİ seçilmiş Emrah Çelikel, İLİN KLUBU seçilmiş Qarabağ Futbol Klubunun baş meneceri Asif Əsgərov öz mükafatlarını alıblar. Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid çıxış edərək «Qarabağ»a 2 gün sonra yollanacağı çətin Fransa səfərində uğurlar arzulayıb. Vətən Müharibəsi şəhidi, qəhrəman baş leytenant, Qarabağ klubunun sadiq azarkeşi və Qurban Qurbanovun pərəstişkarı Səid Rəşidzadənin atası Nofəl Qasımov Səiddən xatirə qalmış əşyaları Qurban Qurbanova təqdim edib. «Qarabağ»ın baş məşqçisini duyğulandıran şəhid atası komandamızın Fransadan uğurlu nəticə ilə dönməsi üçün dua edəcəyini deyib. Qurban Qurbanov Azərbaycan idman jurnalistikasına möhürünü vurmuş, aramızdan vaxtsız köçən dəyərli həmkarımız Elnur Əşrəfoğlunun yadigarı Mətin Elnuroğluna atasının əziz xatirəsinə dərin ehtiramla AİJA-nın hazırladığı özəl plaket və «Qarabağ» klubunun hədiyyələrini təqdim edib.

2021-ci ildə futbol azarkeşlərimizi ən çox sevindirən 2 azərbaycanlı – «Neftçi» klubunun və Azərbaycan milli komandasının lideri Emin Mahmudov və Avropadakı göz bəbəyimiz Mahir Emreli də unudulmayıb. AİJA-nın versiyasına görə İLİN FUTBOLÇUSU seçilmiş Emin Mahmudov və İLİN LEGİONERİ seçilmiş Mahir Emreli mükafatlarını alıblar. Hazırda Mahir Emreli Xorvatiyada olduğundan mükafat anası Elnurə xanıma təqdim edilib. Elnurə xanım tədbir iştirakçılarına Mahirin salamlarını və AİJA-ya təşəkkürünü çatdırıb. İlin ən yaxşı futbolçularına mükafatları Beynəlxalq Futvolley Federasiyasının prezidenti Vüsal Xəlilov və AİJA-nın 1-ci vitse prezidenti Nərgiz Mahmudzadə təqdim edib. Azərbaycan idman ölkəsidir. Elə idmançılarımız var ki, hər il ən yaxşı adını haqq edirlər. Onlar nəinki Azərabycan, ümumiyyətlə dünya idmanının canlı əfsanələri sayılırlar.

AİJA-nın versiyasına görə 2021-ci ildə Avropa, dünya çempionatlarında və Olimpiya Oyunlarında qazandıqları uğurlarına görə İLİN İDMANÇISI seçilən Rafiq Hüseynov, Rafael Ağayev, Hacı Əliyev və İrina Zaretskaya mükafatlarını alıblar. Mükafatları Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və Beynəlxalq dərəcəli hakim, “Şöhrət” ordenli Hicran Şərifov təqdim ediblər.

Daha sonra 2021-ci ildə Azərbaycan idman jurnalistikasında fərqlənənlər təltif edilib. Balakişi Qasımovun gəlişi ilə İctimai Televiziya ölkənin ən baxımlı kanalına çevrilib. Bu inkişaf kanalın idman departamentinin fəaliyyətində də aşkar hiss olunur. AİJA-nın versiyasına görə ardıcıl ikinci ildir İLİN TELEVİZİYA KANALI seçilən İTV-nin idman departamentinin sevimli siması, Azərbaycan telekanallarının ən gözəl və peşəkar aparıcılarından biri, AİJA-nın versiyasına görə İLİN TELEVİZİYA APARICISI Fəridə Abdulla mükafatları alıb. Mükafatları Bakı Dövlət Universitetinin dekanı, əməkdar jurnalist, filologiya elmləri doktoru Vüqar Zifəroğlu təqdim edib. 2021-ci il ərzində özünəməxsus şərhləri ilə azarkeşlərin rəğbətini qazanan, AİJA-nın versiyasına görə İLİN ŞƏRHÇİSİ nominasiyasının qalibləri Tural Dadaşov və Elnur Məmmədli mükafatlarını Vüqar Zifəroğlu və Rəşad Məciddən alıblar. İLİN İNFORMASİYA AGENTLİYİ – AzərTAC, İDMAN QƏZETLƏRİ üzrə «Futbol+ qəzeti», İCTİMAİ-SİYASİ qəzetlər üzrə «525-ci qəzet», İDMAN SAYTLARI üzrə Qol.az saytı təltif ediliblər. Ən çətin və məsuliyyətli vəzifələrdən biri mətbuat katibidi. Ötən il bu çətin vəzifənin öhdəsindən layiqincə gələn həmkarlarımız da diqqətdən kənarda qalmayıblar.

AİJA-nın versiyası üzrə İLİN MƏTBUAT KATİBLƏRİ Azərbaycan Futzal Federasiyasının mətbuat katibi, Vətən Müharibəsi qazisi Mahal Məmmədov, Azərbaycan Milli Antidopinq Agentliyinin mətbuat katibi Vamiq Nəsirov və "Sabah" Futbol Klubunun mətbuat katibi Elnur Həmidov Tovuz Gənclər Evinin rəhbəri Rauf Rüstəmov və 1-ci Qarabağ müharibəsi qazisi Nofəl Qasımovdan mükafatlarını alıblar. Tədbirin kuliminasiya nöqtəsində ötən ilin ən yaxşı idman jurnalistləri səhnəyə dəvət edilib.

AİJA-nın versiyasına görə 2021-ci ilin ən yaxşıları: Televiziya kanalları üzrə - Sənan Abdullayev, Radio üzrə Rüfət Nadirli, saytlar üzrə - Həbib Aslanov, sosial media üzrə - Rəşad Ergün və ilin gənc idman reportyoru Fuad Eldarov mükafatlarını Vüqar Zifəroğludan alıblar.

Sonda ötən il Bakıda keçirilən futbol üzrə öncə AİJA-nın idman jurnalistləri üçün keçirdiyi, iki ay davam edən maarifləndirici mararafonda idman jurnalistləri ilə biliklərini bölüşmüş tanınmış pedaqoq, Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin dekanı Vüqar Zifəroğlu bu faydalı işdə AİJA-ya verdiyi təmənnasız dəstəyə görə xüsusi təşəkkürnamə ilə təltif edilib.