Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu 1/4 finala yüksəlib

Azərbaycanın iki cüdoçusu Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında 1/4 finala yüksəlib.

İkinci yarış günündə 1/8 final qarşılaşmalarından Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qalib ayrılmağı bacarıb.

Onlar gürcüstanlı cüdoçuları məğlubiyyətə uğradıblar. Qələndərzadə Kote Kapanadzeni 50 saniyəyə ipponla yenib. Hacıyev isə sona 54 saniyə qalmış Giorgi Jabnaşvilini eyni qaydada üstələyib.

81 kq çəki dərəcəsindəki digər cüdoçu Ömər Rəcəbli isə 1/8 finalda isveçrəli Orelyen Bonferroniyə uduzub.

63 kq çəkidəki xanım cüdoçu Aytac Qardaşxanlı isə belçikalı Alessia Korrao ilə görüşdə vazari fəndi ilə öndə olsa da, ayağındakı ağrılar üzündən istədiyi kimi mübarizə apara bilməyib. Nəticədə o, ardıcıl 3 xəbərdarlıq alaraq, məğlubiyyətə düçar olub.

1/4 finalda Qələndərzadə italiyalı Vinçenso Pelliqra ilə, Hacıyev isə serbiyalı Velimir Kosoviçlə üz-üz gələcək.

Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində yer alan Turan Bayramov gümüş medal qazanıb.

14:05

Azərbaycanın 4 cüdoçusu Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında ilk görüşünü qələbə ilə başa vurub.

"Report"un Praqaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, ikinci yarış günündə tatamiyə əvvəlcə Aytac Qardaşxanlı çıxıb. Xanım cüdoçular arasında 63 kq çəki dərəcəsində yer alan Qardaşxanlı 1/16 finalda almaniyalı Nele Noakı vaxtından əvvəl ipponla üstələyib. O, 1/8 finalda belçikalı Alessia Korrao ilə üz-üzə gələcək.

Oğlan cüdoçulardan Elcan Hacıyev 81 kq çəki dərəcəsində monteneqrolu Marko Yanseri məğlubiyyətə uğradıb. Onun 1/8 finaldakı rəqibi gürcüstanlı Giorgi Jabnaşvili olacaq.

Eyni çəkidəki Ömər Rəcəbli isə estoniyalı Randel Pasteli sonuncu saniyədə ipponla yenib. Rəcəbli 1/8 finalda isveçrəli Orelyen Bonferronini sınağa çəkəcək.

Nəhayət, 73 kq-da Vüsal Qələndərzadə islandiyalı Kyartan Hreydarssonu ipponla udub. O, 1/8 finalda gürcüstanlı Kote Kapanadzeyə rəqib olub.

Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində yer alan Turan Bayramov gümüş medal qazanıb.